Xəbəri Kokpitdə Oxuyun!

Piastri araşdırılır

McLaren komandasının pilotu Oskar Piastri İtaliya Qran Prisinin sıralanma turlarında Liam Lousonu əngəllədiyi iddiası ilə hakimlər tərəfindən çağırılıb.

Hadisə sıralanma turunun ikinci sessiyasının (Q2) son dəqiqələrində baş verib. Zədələnən Ayzel Hacarı  əvəzləyərək Red Bull-da yarışan Liam Louson son sürətli dövrəsinə hazırlaşarkən Piastri ilk şikanda sürətini azaldıb.

Red Bull-un digər pilotu Max Ferstappenə yol verən McLaren pilotu daha sonra şikanda Lousonun qarşısına çıxıb. Bu hərəkət yeni zelandiyalı pilotun vaxt itirməsinə səbəb olub.

Louson sessiyanı 14-cü yerdə başa vuraraq Q3-ə yüksələ bilməyib. Lakin bu nəticə onun yarışa start mövqeyinə təsir etməyəcək. Red Bull bu həftəsonu Lousonun RB22 bolidində yeni güc qurğusu komponentlərindən istifadə etdiyinə görə pilot onsuz da yarışa sonuncu yerdən başlayacaq.

FIA-dan verilən açıqlamada Piastrinin Formula 1-in İdman Qaydalarının B4.1.1-ci maddəsini pozduğu iddiası ilə araşdırmaya cəlb edildiyi bildirilib.

Hakimlərin protokolunda hadisə “81 nömrəli bolidin 2-ci döngədə 30 nömrəli bolidi əngəllədiyi iddiası” kimi qeyd olunub.

Piastriyə veriləcək mümkün yer cəzası bazar günü keçiriləcək İtaliya Qran Prisinin start düzülüşünə birbaşa təsir göstərə bilər.

Rauf Hacıyev

Şərh əlavə et