Trasdakı hissin kənardan göründüyü qədər müsbət olmadığını vurğulayan britaniyalı sürücü, bolidin gözlədikləri performansı göstərməkdə çətinlik çəkdiyini bildirib.
Lando Norris: “Kənardan baxanda pis gün keçirmədiyimiz görünə bilər, amma əslində qətiyyən belə deyildi.
Temp baxımından kifayət qədər çətinlik çəkirik. Düzünü desəm, yaxşı olacağımızı gözlədiyimiz döngələrdə pisik, pis olacağımızı düşündüyümüz döngələrdə isə o qədər də pis deyilik. Ancaq buna baxmayaraq, yenə də geridəyik.
Hazırda yaxşı vəziyyətdə olduğumuzu deyə bilmərəm. Həftəsonu ərzində nələri dəyişə biləcəyimizə baxacağıq, amma əvvəlki yarışlarla müqayisədə işimizin daha çətin olacağı dəqiqdir”.
Bu gün keçiriləcək sıralanma turu barədə danışan Norris əsas məqsədlərinin poul mövqeyindən daha çox yaxşı nəticə qazanmaq olduğunu bildirib: “Öndəki sürücülər arasında fərqlər çox azdır. Arxa qrupdakı sürücülər də o qədər uzaqda deyillər və buna görə bizi asanlıqla təəccübləndirə bilərlər. Bu səbəbdən nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir.
Amma qətiyyən poul uğrunda mübarizədə olduğumuzu hiss etmirəm. Sadəcə yaxşı işləyib məntiqli və bizi qane edəcək nəticə əldə etməyə fokuslanmalıyıq”.




Şərh əlavə et