Lakin Monza Kral Parkının ərazisində salınmış trasın xüsusiyyətləri yalnız yüksək sürətlə bağlı deyil. Burada kvalifikasiya da ənənəvi olaraq ciddi çətinliklərlə yadda qalır.
Gənclər seriyasında lider olan Nikola Tsolov sessiyadan əvvəl bildirib ki, burada yaxşı nəticə göstərmək pilotun başqa avtomobilin arxasındakı hava dəhlizindən – slipstream-dən nə dərəcədə düzgün istifadə edə bilməsindən asılıdır. Bu isə xaotik kvalifikasiya vəd edirdi.
Çempionatda ikinci olan və Tsolovdan düz 20 xal geri qalan Qabriele Mini də onunla razılaşıb: “Slipstream əldə edə bilən pilot dövrəni 0.3 saniyə daha sürətli tamamlaya bilər. Bu trasda yarış asan olmayacaq, ötmələr çox olacaq. Lakin həftəsonunun ən çətin sessiyası, şübhəsiz ki, kvalifikasiyadır”.
Sessiyanın ilk yarısının sonlarına yaxın fərqlənməyə çalışan Aleks Dann əyləc zamanı səhvə yol verib, təkərləri bloklayıb və trasdan kənara çıxıb. Rafael Vilyagomes də eyni problemlə üzləşib. İlk ciddi nəticəni isə Coşua Dürksen göstərib. Paraqvaylı pilot dövrəni 1:31.701 saniyəyə tamamlayıb, lakin hamıya aydın idi ki, nəticələr hələ əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Rafael Kamara dərhal onun nəticəsini təxminən 0.4 saniyə yaxşılaşdırıb. Noel Leon zaman cədvəlində ikinci pilləyə yüksəlib, Tsolov isə hələlik dördüncü yerdə qalıb.
Treninqdə ən yaxşı nəticəni göstərən Aleks Dann ciddi niyyətlərini nümayiş etdirərək Nikola Tsolovu da geridə qoyub və bolqarıstanlı pilotu beşinci yerə salıb.
Sessiyanın başa çatmasına təxminən 10 dəqiqə qalmış pilotlar təzə təkərlər üçün boksa qayıdıblar. Heç kim trasa tələsməyib. Görünür, komandalar vaxtı mümkün qədər uzatmağa qərar verib və avtomobillər yalnız damalı bayrağa altı dəqiqə qalmış pit-leyni tərk edib.
Lakin orta tempdə cəmi bir dövrə vurduqdan sonra avtomobillərin əksəriyyəti yenidən pit-leynə qayıdıb. Bundan sonra Monzaya xas klassik “çaxnaşma” başlayıb. Heç kim rəqibinə slipstream əldə etmək imkanı vermək istəməyib.
Öndə Mari Boya hərəkət edərək pelotonu açıq şəkildə yavaşladıb. Lakin daha sonra ilk səbrini itirən Roman Bilinski olub və bütün rəqiblərini qabaqlayıb. Məhz bundan sonra poul uğrunda mübarizə yenidən başlayıb və pilotlar son sürətli dövrələrinə çıxmaq üçün temp yığmağa başlayıblar.
Məlum olduğu kimi, slipstream uğrunda bu cür oyunlar hamı üçün eyni dərəcədə yaxşı nəticələnmir. Cəmi bir neçə dəqiqə sonra Rafael Kamara Invicta Racing komandasından poul münasibətilə təbrikləri qəbul edib.
Braziliyalı pilotun hələ ilk təkər dəstində göstərdiyi 1:31.326 saniyəlik nəticə sonadək ən yaxşı vaxt olaraq qalıb. Kamara üçün bu, mövsümdə artıq beşinci poul qələbəsidir.
İkinci pilləyə Coşua Dürksen, üçüncü yerə isə Aleks Dann yüksəlib. Bununla onlar Noel Leonu dördüncü yerə gerilədiblər.
Çempionatın lideri Nikola Tsolov bazar günü keçiriləcək əsas yarışa beşinci yerdən başlayacaq. Onun əsas rəqibi Qabriele Mini isə yalnız 11-ci mövqedən start götürəcək.
Şənbə günü keçiriləcək sprint yarışında isə poul mövqeyindən Ritomo Miyata start götürəcək. Yaponiyalı pilot kvalifikasiyanı səkkizinci yerdə tamamlayıb.




Şərh əlavə et