Xəbəri Kokpitdə Oxuyun!

İtaliya GP: İkinci məşqlərin qalibi Rasselldir

İtaliya Qran Prisi həftəsonunun ikinci sərbəst yürüşündə ən sürətli dövrəni  Mercedes-dən Corc Rassell vurub.

Sərbəst yürüş üçün boksdakı hazırlıqlar davam edərkən havanın temperaturu 33, trasın temperaturu isə 57 dərəcə təşkil edib. Qısa müddət sonra start siqnalı verilib və bir saatlıq ikinci sərbəst yürüş başlayıb.

İlk sürətli dövrəsini tamamlayan Maks Ferstappen 1:24.719 nəticə göstərib. Oskar Piastri 1:24.476, Şarl Lekler isə 1:23.472-lik dövrə ilə fərqlənib. Kimi Antonelli 1:23.417 nəticə göstərərək zirvəyə yüksəlib və ilk dövrələrin tempini müəyyənləşdirib.

Sessiyanın ilk 10 dəqiqəsi geridə qaldıqda Arvid Lindblad 1:23.807-lik nəticə ilə dördüncü yerə yüksəlib. Ferstappen isə komanda radiosu vasitəsilə boliddə asfaltayatma qüvvəsinin kifayət qədər olmadığını bildirib. Şikayətindən sonra boksa qayıdan Ferstappenin bolidinin ön qanadı dəyişdirilib.

Yeddinci yerdə olan Lando Norris 1:23.796-lıq dövrə ilə dördüncü yerə yüksəlib. 13-cü sıradakı Ferstappen isə dəyişdirilən ön qanadla tamamladığı sürətli dövrədə 1:23.950 nəticə göstərərək səkkizinci yerə qalxıb.

Ləns Stroll arxadan gələn Norrisi görməyib və təhlükəli vəziyyət yaranıb. Trasdan yüngülcə kənara çıxan Norris qaçış zonasına yönəlib və komanda radiosunda: “Bu nə edir? Gəldiyimi görməyib? Həqiqətən çox təhlükəli idi”, – deyib.

Sessiyanın 20-ci dəqiqəsinə yaxınlaşarkən Rassell 1:23.202-lik dövrə ilə komanda yoldaşı Antonellini geridə qoyaraq zirvəyə yüksəlib. Lindblad da 1:23.468 nəticə ilə üçüncü yerə qalxıb. Bundan sonra Mercedes cütlüyü istisna olmaqla bütün sürücülər boksa qayıdıblar.

Zirvədəki mövqeyini geri qaytarmaq istəyən Antonelli təmiz havada 1:22.700-lük nəticə göstərərək dövrəsini yaxşılaşdırıb və birinci yerə yüksəlib. Sürətli dövrəsindən sonra italiyalı sürücü də boksa qayıdıb.

Lakin Rassellin cavabı gecikməyib. Boksda qayıtmazdan əvvəl 1:22.686-lıq dövrə vuran britaniyalı sürücü Antonellini geridə qoyaraq liderliyi yenidən ələ keçirib.

Sessiyanın yarısı geridə qaldıqda sürücülər yenidən trasa çıxıblar.

Lekler 1:22.679-luq nəticə ilə qısa müddətə zirvəyə yüksəlib. Lakin Rassell 1:22.559-luq dövrə ilə liderliyi geri qaytarıb. Dövrəsini yaxşılaşdırmağa çalışan Lekler döngəyə girişdə yerində fırlanıb. Bolid üzərində nəzarəti tam itirməzdən əvvəl uğurlu manevrlə vəziyyətdən çıxan monakolu qəza törətməyib və bolidində hər hansı zədə yaranmayıb.

Piastri 1:23.028-lik nəticə ilə altıncı, komanda yoldaşı Norris isə 1:22.943-lə dördüncü yerdə qərarlaşıb.

Son 10 dəqiqəyə daxil olduqda Qabriel Bortoleto güc qurğusunda problem olduğunu bildirərək boksa qayıdıb.

Hacarın yoxluğunda Racing Bulls bolidini idarə edən Yuki Tsunoda 1:23.455-lik nəticə göstərərək 10-cu yerə yüksəlib. Sessiyanın əvvəlində bolidində asfaltayatma qüvvəsinin kifayət qədər olmadığından şikayət edən Ferstappen isə yürüş boyunca edilən təkmilləşdirmələrdən razı qalmadığını bildirib.

Sessiyanın son dəqiqələrində lider Rassell dövrə vaxtını yaxşılaşdırmağa çalışıb. Lakin orta sektorda dövrəsini yarımçıq saxlayaraq boksa qayıdıb. Onun ardınca Antonelli də boksa daxil olub.

Altıncı yerdə olan Piastri 1:26.406-lıq nəticə göstərib, lakin mövqeyini yaxşılaşdıra bilməyib.

Damalar bayrağın dalğalanması ilə Corc Rassell ikinci sərbəst yürüşün ən sürətli sürücüsü olub. Şarl Lekler ikinci, Kimi Antonelli isə üçüncü yerdə qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et