Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Monzada qazanmaq əla olar

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bu həftəsonu keçiriləcək İtaliya Qran Prisində qələbə qazanmağı hədəfləyir.

Britaniyalı sürücü İspaniya Qran Prisində Ferrari ilə ilk qələbəsini qazandıqdan sonra komandanın doğma yarışı olan İtaliya Qran Prisinə də qalibiyyət ümidləri ilə gəlir.

Britaniyalı pilot Ferrari-nin bu həftəsonu qələbə üçün lazım olan potensiala sahib olduğuna inanır.

Lyuis Həmilton:  “Komandanın qələbə qazanmaq üçün lazım olan hər şeyə sahib olduğuna həqiqətən inanıram. Amma ön qrupdakı mübarizə bu qədər yaxın olduğu halda yarış qazanmaq üçün bütün komandanın bir araya gəlməsi və hər şeyin startdan etibarən düzgün getməsi lazımdır.

Bu Qran Prinin nə qədər böyük əhəmiyyət daşıdığını düşünərək bura gəlirəm. Məsələn, Mixael ilə Monzada qələbə sayına görə bərabər olduğumu belə bilmirdim.

Ancaq burada qalib gəlsəniz, yeni bir mərhələyə qədəm qoyursunuz. Ferrari ilə Monzada ilk dəfə qələbə qazanmaq mənim üçün möhtəşəm olardı.

Əgər buna nail olsam, böyük ehtimalla Ferrari ilə İtaliyada qələbə qazanan tarixdəki ilk qaradərili pilot olacağam. Bütün bunlar ağlımdan keçdi.

Üzərimdə çox böyük təzyiq var və komanda üçün nəsə etmək istəyirəm. Bazada çoxlu sayda insan var və onların əksəriyyəti bu yarışa gələcək. Daha sonra isə bura böyük sayda gələn tifozilər var.

Onların bənzərsiz bir ehtirası var və mən onlar üçün nəsə əldə etmək istəyirəm”.

Həmilton 2026-cı il texniki qaydaları çərçivəsində Monzada enerji idarəetməsinin və düzlüklərdəki performansın da əvvəlki illərdən fərqli olacağını bildirib: “Bu bolidlərdə güc qurğularını idarə etmək həmişə çətindir. Yəqin ki, bu il döngələrdə keçən illə müqayisədə daha çox asfaltayatma qüvvəsinə sahibik. Düzlüklərdə sistem aktiv olduğu halda belə sürətliyik, ancaq güc itiririk. Döngələrə daxil olarkən əvvəlki illərlə müqayisədə bəlkə də 20-30 km/saat daha aşağı sürətlə gəlirik. Buna öyrəşmək müəyyən vaxt aparacaq.

Bura gəlib düzlüyün sonunda mühərrikin qışqırdığını, bolidin sürətlənməyə davam etdiyini və əyləc zonasına qədər dartınmanın qorunduğunu eşitmək həmişə inanılmaz hiss idi.

Bu həftəsonu böyük ehtimalla belə olmayacaq. Pilotlar yəqin ki, əyləc zonasına çatmamışdan əvvəl ötürmələri aşağı salmağa başlayacaqlar.

Mənim üçün bu hələ də ən yaxşı hiss deyil, amma əlimizdə olan budur. Qaz pedalından necə istifadə etdiyinizi, tam gücə necə çıxdığınızı və sahib olduğumuz sistemləri necə işə saldığınızı optimallaşdırmalısınız”.

Rauf Hacıyev

Şərh əlavə et