Xəbəri Kokpitdə Oxuyun!

Okon yeni Ferrari mühərrikindən istifadə edə bilməyəcək

Haas komandasının pilotu Esteban Okon İtaliya Qran Prisində yeni Ferrari mühərrikindən istifadə edə bilməyəcəyini açıqlayıb.

Ferrari-nin Monza üçün hazırladığı yenilənmiş ADUO güc qurğusu Oliver Bermanın bolidinə quraşdırılacaq. Fransalı pilot isə həftəsonunu köhnə spesifikasiya ilə keçirməli olacaq.

Amerika komandası komanda rəhbəri Ayo Komatsunun həftənin əvvəlində elan etdiyi tamamilə yeni aerodinamik paketlə Monzaya gəlib. Bu aerodinamik yeniləmələr hər iki pilotun bolidində yer alacaq.

Lakin mühərrik tədarükünün məhdud olması səbəbindən Okon Ferrari tərəfindən hazırlanan yeganə yeni mühərrikin komanda yoldaşına verilməsi ilə pis vəziyyətə düşüb.

Qaydalara əsasən mühərrik istehsalçıları bütün müştəri komandalarını eyni xüsusiyyətlərə malik güc qurğuları ilə təmin etməlidir. Lakin Motorsport.com-un əldə etdiyi məlumata görə, FIA bu vəziyyətdə qayda pozuntusu görmür. Federasiya yeni mühərrikdən ən azı bir ədədin tədarük edilməsini qaydalara uyğunluq baxımından kifayət hesab edir.

Mətbuata açıqlama verən Esteban Okon yaranan vəziyyəti belə dəyərləndirib: “Yeniləmə paketinin tamamına sahib olmayacağam. Aerodinamik tərəfdən yeni bolidə sahibəm, amma yeni ADUO mühərriki məndə olmayacaq.

Komandaya yalnız bir ədəd mühərrik təqdim olunduğu üçün mən köhnə mühərriklə sürməyə davam edəcəyəm. Bu, performans baxımından kifayət qədər böyük itki yaradacaq. Ancaq yeni aerodinamik paket məndə də var və trasa çıxaraq nələr edə biləcəyimizə baxacağıq.

Çərşənbə axşamı yeni aerodinamik paketi simulyatorda sınadım və hissiyat həqiqətən daha yaxşı idi. Təbii ki, bunu trasda da göstərmək lazımdır. Simulyatordakı performansın trasda hər zaman eyni şəkildə əks olunacağına zəmanət yoxdur.

Monza bolidin bütün potensialını nümayiş etdirəcəyi ən texniki tras deyil. Əsl qazancı Madriddə daha aydın görəcəyik. Buna baxmayaraq, Lesmo və Parabolika döngələrində bolidin necə hiss etdirəcəyini görmək maraqlı olacaq”.

Monako Qran Prisindən bəri xal qazana bilməyərək inkişaf yarışında rəqiblərindən geri qalan Haas mövsümün ilk bölümündəki formasını yenidən bərpa etməyə çalışır.

Son yarışlarda bolidin bütün potensialını ortaya qoymasına baxmayaraq xalsız qaldıqlarını bildirən Okon sözlərini belə tamamlayıb:  “Mövsümə temp baxımından çox yaxşı başlamışdıq, amma rəqiblərimiz bizdən daha sürətli inkişaf etdilər.

Uzun müddətdir bu yeniləmə paketini gözləyirdik. Ümid edirəm ki, bu addımlar bizi yenidən ilk onluğa yaxınlaşdıracaq və Racing Bulls ilə Alpine komandaları ilə mübarizə apara biləcəyik.

Son yarışlarda özümə gəldikdə, boliddən maksimum performansı aldığımı hiss edirəm. Amma həftəsonunu mümkün qədər yaxşı idarə edib bunun qarşılığında xalsız qalmaq məyusedici idi. Ümid edirəm ki, bu yeniləmədən sonra göstərdiyimiz səylərin qarşılığını xalla ala biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et