Xəbəri Kokpitdə Oxuyun!

Monzada böyük duel: Ferrari Şumaxerin mirası, rəqiblər isə qələbə üçün!

Monza bu dəfə sadəcə İtaliya Qran Prisi deyil. Çempionatın taleyinə toxuna biləcək, Ferrari üçün emosional, Mercedes üçün strateji, McLaren üçün isə bir növ imtahan həftəsonudur. Bir tərəfdə ev sahibi Ferrari və Şumaxerin xatirəsi, digər tərəfdə cəza ilə mübarizəni arxadan başlayacaq çempionatın lideri Antonelli, qarşıda isə düzlüklərin hökm sürdüyü əfsanəvi Monza…

Monzada sürət, Şumaxer və böyük fürsət: Ferrari evində nəyə qadirdir?

Formula 1 bu həftəsonu Monzaya gəlir. Amma Monza heç vaxt sadəcə təqvimdəki növbəti yarış olmayıb. Bura sürətin məbədidir, Ferrari-nin evidir, tifozilərin səhnəsidir. Bu dəfə isə bütün bunların üstünə çempionluq mübarizəsinin ən maraqlı dönəmlərindən biri əlavə olunub.

Kimi Antonelli İtaliya Qran Prisinə dünya çempionatının lideri kimi gəlir. İtalyan pilotun doğma torpağında belə möhtəşəm mövqedə olması özü böyük hekayədir. Amma hekayənin ən ironik tərəfi odur ki, Antonelli ev yarışında ön sıralardan yox, böyük ehtimalla peletonun arxasından start alacaq. Mercedes mühərrik dəyişimi səbəbindən ona ciddi startda yer itirmə cəzası tətbiq edəcək və bu, Corc Rassell üçün göydən düşən fürsətdir.

Antonelli arxada, Rassell önə çıxacaq?

Rassell bu mövsüm artıq iki qələbə qazanıb və komanda yoldaşının arxasında çempionatın əsas təqibçilərindən biridir. Antonellinin cəzası onun qarşısındakı ən böyük maneələrdən birini yarışın özündən əvvəl aradan qaldırır. Üstəlik, Monza Mercedes-in güclü tərəflərini göstərmək üçün ideal məkandır.

Burada mühərrik gücü, enerji idarəetməsi və düzlük sürəti həyati əhəmiyyət daşıyır. Dövrənin təxminən 76 faizi tam qazla keçilir və 5,793 kilometrlik trasda 53 dövrə ərzində sürücülər uzun düzlüklərdə maksimum sürət uğrunda mübarizə aparırlar.

Ən maraqlısı isə budur: Antonelli arxadan gəlməli olduğu halda Mercedes-in əlində çox güclü mühərrik var. Rassell isə bu üstünlükdən ilk andan istifadə edə bilər.

Əgər Rassell sıralanmada ön cərgələrdən birinə çıxa bilsə, Antonellinin cəzası ona təkcə yarış qələbəsi yox, çempionatdakı fərqi ciddi şəkildə azaltmaq imkanı verəcək.

Bəzən Formula 1-də şans qapını döymür. Sadəcə komanda yoldaşının mühərrikini dəyişdirir…

Red Bull-un gizli silahı: at gücü

Monzanın başqa bir böyük sualı isə Red Bull-dur.

Red Bull-un 2026-cı il güc qurğusunun daxiliyanma mühərriki üzrə hələ də meyar olması təsdiqlənib. Yəni söhbət yalnız kağız üzərindəki rəqəmdən getmir: Monza kimi düzlüklərin üstünlük təşkil etdiyi trasda mühərrik performansı birbaşa dövrə vaxtına çevrilir.  Bu, Maks Ferstappen üçün yaxşı xəbərdir.

Red Bull mövsümün əvvəlində Mercedes səviyyəsində görünməsə də, Monza kimi traslarda avtomobilin mühərrik üstünlüyü bəzi aerodinamik çatışmazlıqları kompensasiya edə bilər. Ferstappen də artıq bu trasda üç dəfə qalib gəlib və keçənilki Monza yarışını da Red Bull-la qazanıb.

Başqa sözlə, Monzada Red Bull-u heç vaxt siyahının kənarına atmaq olmaz.

McLaren üçün “yüksək sürət” imtahanı

Lando Norris isə İtaliyaya əla formada gəlir. McLaren pilotu əvvəlcə Macarıstanda, ardınca Niderlandda qalib gələrək ardıcıl iki yarışda maksimum nəticə əldə edib. Üstəlik, Norris artıq çempionatın zirvəsinə yaxınlaşmağa başlayıb.  Amma Monza tamam başqa hekayədir.

McLaren-in güclü tərəflərindən biri yüksək asfaltayatma qüvvəsi tələb edən və avtomobilin döngələrdə balansının ön plana çıxdığı traslardır. Macarıstan və Zandvoort bu baxımdan komandanın işinə yarayırdı. Monza isə avtomobili başqa cür sorğu-suala çəkir.

Burada yavaş döngələrdə itirilən zaman və xüsusilə uzun düzlüklərdə maksimum sürət çatışmazlığı çox baha başa gələ bilər. McLaren-in düzlüklərdə və aşağı sürətli döngələrdə rəqiblərinə nisbətən zəif qalması Monzada onu əvvəlki iki yarışdakı qədər rahat favorit etməyəcək.

Norrisin qarşısında maraqlı sual var: McLaren-in son iki yarışdakı qələbə seriyası davam edəcək, yoxsa Monzanın uzun düzlükləri bu seriyanın qarşısına  divar çəkəcək?

Məncə, McLaren yenə mübarizənin içində olacaq. Lakin bu dəfə qələbə əvvəlki iki yarışdakı qədər asan görünmür.

Ferrari üçün isə bu, adi yarış deyil

Və gəlirik Monzanın ürəyinə — Ferrariyə…

Bu həftəsonu qırmızı maşınlar bir az da fərqli görünəcək. Ferrari 1996-cı ildə Maykl Şumaxerin Monzada qazandığı ilk İtaliya Qran Prisinin 30 illiyini qeyd edir. SF-26 xüsusi dizaynla trasda olacaq: F310-u xatırladan qırmızı, ağ və qara rənglər, Şumaxerin “MS” loqosu, yeddi ulduz və retro detalları olan bu rəng çaları Ferrari tarixinin ən vacib səhifələrindən birinə hörmətdir.

Şumaxer Ferrari ilə beş dünya çempionluğu qazanıb, Monzada isə qırmızı rənglə beş dəfə qalib gəlib. Onun 1996-cı ildəki qələbəsi isə Ferrari-nin 1988-ci ildən sonra ev yarışındakı ilk qələbəsi idi.

Yəni Ferrari bu dəfə sadəcə qələbə qazanmaq istəmir. Komanda Şumaxerin ruhuna uyğun bir həftəsonu yaşamaq istəyir. Amma bunun üçün nostalgiya kifayət etməyəcək.

15 at gücü Ferrari-ni qələbəyə aparacaq?

Ferrari Monzaya mühərrik yeniliyi də gətirir. ADUO çərçivəsində hazırlanan yeni güc qurğusunun təxminən 15 at gücü əlavə etməsi gözlənilir. Bu yenilik Ferrari-nin Mercedes qarşısındakı mühərrik çatışmazlığını əhəmiyyətli dərəcədə azaltmalıdır. Komanda həmçinin Monzanın aşağı asfaltayatma tələblərinə uyğun aerodinamik yeniliklər də gətirəcək.

15 at gücü Formula 1-də bəzən çox şeydir, bəzən isə sadəcə statistikadır.

Amma Monzada 15 at gücü adi trasdakı 15 at gücü deyil. Uzun düzlüklərdə bu əlavə güc daha çox hiss oluna bilər. Ferrari-nin şassisi onsuz da Mercedes-ə kifayət qədər yaxın hesab olunur. Əsas problem mühərrik tərəfdəki fərq idi. Yeni güc qurğusu bu boşluğu azaldarsa, qırmızı maşınlar nəhayət Mercedes-lə eyni masada otura bilər.

Üstəlik, Antonelli yarışa arxadan başlayacaq. Belə baxanda Ferrari üçün bütün daşlar bir-bir yerinə düşür. Ancaq Formula 1-də daşların yerinə düşməsi hələ podiumun hazır olması demək deyil.

Həmilton və Lekler üçün böyük fürsət

Ferrari-nin qarşısında iki fərqli, amma eyni dərəcədə maraqlı hekayə var.

Həmilton Monzada beş dəfə qalib gəlib və bu yarışın nə tələb etdiyini çox yaxşı bilir. Lekler isə Ferrari ilə 2019 və 2024-cü illərdə burada qalib gəlib. Yəni hər iki sürücünün bu trasda qələbə təcrübəsi var.

Üstəlik, qarşılarında cəza almış çempionat lideri var. Bu, Ferrari üçün ilin ən böyük fürsətlərindən biri ola bilər.

Əgər yeni mühərrik gözlənilən 15 at gücünü həqiqətən gətirsə, SF-26 düzlüklərdə əvvəlki qədər əziyyət çəkməsə, Həmilton və Lekler sıralanmada yaxşı nəticə göstərsə, Ferrari-nin Monzada qələbə üçün real şansı yaranacaq.

İndi təsəvvür edin: Ferrari Şumaxerə həsr olunmuş xüsusi dizaynla, onun ilk Monza qələbəsinin 30-cu ildönümündə, yeni mühərriklə, tifozilərin qarşısında qalib gəlir… Bu, sadəcə qələbə olmazdı. Bu, Ferrari üçün ssenarisi hazır yazılmış bir film olardı.

Bəs kim qalib gələcək?

Kağız üzərində Mercedes yenə favoritdir. Mühərrik gücü, trasın xarakteri və bu mövsümün ümumi tempi Rasselli çox güclü namizədə çevirir. Antonellinin cəzası isə hər şeyi daha da maraqlı edir.

Red Bull və Ferstappen isə Monzanın xarakterinə görə heç vaxt kənarda qala bilməz.

McLaren və Norris son iki yarışın verdiyi inamla gəlir, amma bu dəfə avtomobilin zəif tərəfləri daha sərt sınaqdan keçəcək.

Ferrari isə… Ferrari olmaq məcburiyyətindədir. Çünki Monzada statistika, mühəndislik və strategiya qədər emosiyalar da yarışır.

Şumaxerin qırmızı maşını ilə başladığı böyük hekayədən 30 il sonra Ferrari yenidən onun xatirəsinə xüsusi rənglərlə trasdadır. Qarşısında isə 15 at güclük yeni mühərrik, minlərlə tifozinin təzyiqi və  gözlənilən ev qələbəsi dayanır.

Monza bu həftəsonu bir sual verəcək: Ferrari Şumaxerin xatirəsini sadəcə qeyd edəcək, yoxsa onun ruhuna uyğun qələbə ilə tarixə yeni bir səhifə əlavə edəcək?

Rauf Hacıyev

Şərh əlavə et