Formula 1 qaydalarına əsasən komandalar mövsüm ərzində debütant pilotlara ən azı dörd məşq sessiyasında şans verməlidir. Bu vaxta qədər bu kvotadan yalnız bir dəfə istifadə edən Alpine Macarıstan Qran Prisində Aronu Franko Kolapintonun əvəzinə trasa çıxarıb. Estoniyalı pilot Audi adına da iki dəfə trasa çıxaraq, Niko Hülkenberq və Qabriel Bortoletonun bolidlərini idarə etmək imkanı qazanıb.
Yenidən Alpine bolidinə əyləşəcəyi üçün həyəcanını bölüşən Paul Aron həftəsonu hədəflərini belə açıqlayıb: “Bu həftəsonu komanda ilə yenidən ilk məşq sessiyasına çıxacağım üçün çox həyəcanlıyam.
Mənə bu fürsəti bu qədər qısa müddətdə yenidən verdikləri üçün komandaya çox təşəkkür edirəm. Budapeştdəki sessiyamdan kifayət qədər razı qalmışdım. Bu dəfə isə simulyatorda sınaqdan keçirdiyim son yeniləmə paketini trasda yoxlayaraq komandaya kömək etmək istəyirəm.
Cümə gecəsi Enstoundakı bazada simulyatorun arxasına keçərək sıralanma turları öncəsi sazlamalarla bağlı komandaya dəstək olacağam. Şənbə günü yenidən Monzaya qayıdacağam. Gərgin tempdə keçəcək bu müddətdən sonra uğurlu həftəsonu keçirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
2024-cü il mövsümündə Formula 2 çempionatını üçüncü pillədə başa vuran və Qətərdəki yarışı qazanan Aron 2019-2023-cü illərdə Mercedes-in Gənc Pilot Proqramında yer alıb. Daha sonra 2025-ci il mövsümünün əvvəlində ehtiyat pilot kimi Alpine komandasına qoşulub.
Həftəsonuna gecikmiş start verəcək Pyer Qasli isə özü üçün xüsusi əhəmiyyət daşıyan Monza trasında mübarizə aparacağı üçün səbirsizlənir. Fransalı pilot İtaliya Qran Prisi öncəsi hisslərini belə ifadə edib: “İtaliya Qran Prisini müxtəlif səbəblərə görə çox sevirəm.
Birincisi, Milan mənim yaşadığım şəhərdir. Buna görə də daim səyahət etdiyimiz təqvimdə evimdə qala bilmək böyük lüksdür. Yəni müəyyən mənada bura mənim üçün həqiqətən də ‘ev’ yarışı sayılır.
İkincisi, bu trasa vurğunam. Yüksək sürəti, sərt əyləc zonaları və möhtəşəm döngə kombinasiyaları ilə Formula 1-in ən ikonik traslarından biridir.
Üçüncüsü isə 2020-ci ildə Formula 1-də ilk qələbəmi burada qazanmışam. Bu, ömrümboyu heç vaxt unutmayacağım və tez-tez xatırladığım möhtəşəm bir xatirədir”.




Şərh əlavə et