Xəbəri Kokpitdə Oxuyun!

M.Sulayem: FIA-nın missiyası ədalətdir

FIA prezidenti Mohammed ben Sulayem stüardların bəzən üzləşdiyi qərəzlilik ittihamları ilə razı deyil.

Biz FIA-nın bu bəyanata rəsmi reaksiyası barədə yazmışdıq. Argentinaya səfəri zamanı federasiya prezidentinə qərəzlilik məsələsi ilə bağlı sual verilib.

Mohammed ben Sulayem: “Bəziləri hesab edir ki, biz argentinalılara qarşıyıq, digərləri isə britaniyalılara qarşı olduğumuzu düşünür. Bilirsiniz, mən bununla məşğul olacağam. Kolapintoya özüm zəng edib onun fikrini soruşacağam. Onun nə deyəcəyini eşitmək istəyirəm.

FIA-nın missiyası ədalətdir. Biz ixtisasartırma kursları keçiririk. Milli federasiyalardan bizə təlim keçə biləcəyimiz insanların adlarını təqdim etmələrini xahiş etmişik, çünki yarışlarda hakimlərin rotasiyasını təmin etmək istəyirik.

Biz sosial şəbəkələrdə hər cür təqibi pisləyirik. Bu, sürücülərə, jurnalistlərə, rəsmi şəxslərə, bir çoxumuza qarşı yönəlir. Təxminən iki il əvvəl demişdim: əgər bununla bağlı heç nə etməsəm, idmanımıza bərpası mümkün olmayan zərər dəyəcək.

Düşmənçiliyin yetmiş faizi Şimali və Cənubi Amerikadan, təxminən 18 faizi isə Avropadan gəlir.

Yadımdadır, iki il əvvəl Mayamidə problemimiz yaranmışdı. İrqi ayrı-seçkilik məsələləri üzrə əməkdaşlarımızdan biri ispaniyalı idi. O və ailəsi ölüm təhdidləri almışdı və o, məktub göndərərək bildirmişdi: “Vəssalam, mən artıq belə davam edə bilmərəm”. Məhz o vaxt biz internetdə nifrətə qarşı alyans yaratdıq.

Hökumətlər, assosiasiyalar, KİV – hamımız birlikdə çıxış edirik. İndi bu hərəkat sürət yığır. Komandalar da qoşulur. Bu, marafondur. Mən bunu təkbaşına edə bilmərəm. FIA bunu təkbaşına edə bilməz. Bu, kollektiv səydir”.

Gilənur Hüseynova

Şərh əlavə et