Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Monza bizim üçün xüsusidir

Ferrari Formula 1-də bu il tətbiq olunan ADUO sistemi çərçivəsində icazə verilən ikinci güc qurğusu yeniləməsini bu həftəsonu Monzada trasda sınayacağını təsdiqləyib.

ADUO sistemi performans göstəricilərinə əsasən rəqiblərindən geri qalan mühərrik istehsalçılarına əlavə inkişaf imkanları verir.

Güc qurğusu baxımından Red Bull istinad nöqtəsi kimi qəbul edildiyindən və Ferrari-nin güc baxımından geridə qaldığı müəyyənləşdirildiyindən, İtaliya komandasına iki yeniləmə hüququ verilib.

İlk yenilənmiş mühərrikindən Avstriyada istifadə edən Ferrari gözlənildiyi kimi doğma Monza yarışına güc qurğusunun ən son versiyası ilə çıxacaq.

“Şahlanan At” aşağı asfaltayatma qüvvəsi tələb edən bu yüksək sürətli tras üçün yeni arxa qanad paketini də bolidə inteqrasiya edəcək.

Yeniləmələri dəyərləndirən komanda rəhbəri Fred Vassyör həftəsonu öncəsi bunları deyib: “ADUO çərçivəsində bizə verilən inkişaf imkanları heaabına yenilənmiş güc qurğumuzdan istifadə edəcəyik.

Bu addım düzgün istiqamətdə atılmış inkişafı təmsil edir. Bu mövsüm hər şey fərqlidir və kiçik qazanc əldə etmək əsas məsələlərdən biridir.

Monza çox çətin trasdır və peloton üzrə fərqlər inanılmaz dərəcədə azdır. Cümə günündən etibarən həftəsonunun hər anını qüsursuz idarə etmək əsas prioritetimiz olacaq.

Doğma azarkeşlərimizin coşqusundan əlavə motivasiya alaraq tifozilərimizə güclü həftəsonu yaşatmaq istəyirik”.

Yeniləmənin Ferrari mühərrikinə təxminən 15 at gücü əlavə etməsi gözlənilir. Bu addım ADUO nəticələrinə baxmayaraq, pelotonun ən güclü komplekt paketi hesab olunan Mercedes güc qurğusu ilə fərqin təxminən yarıya qədər azalmasına səbəb olacaq.

Performans baxımından çempionat lideri Mercedes ilə başabaş mübarizə aparan, hətta bəzi hallarda onu qabaqlayan Ferrari-nin mühərrik gücündəki çatışmazlığı liderdən 87 xal geri qalmasının əsas səbəblərindən biri olub.

Bundan əlavə, Ferrari əfsanəvi pilotu Mixael Şumaxerin komanda ilə ilk yarışına çıxmasının 30-cu ildönümünü qeyd etmək üçün bu həftəsonu Monzada xüsusi rəng çaları ilə mübarizə aparacaq.

2024-cü ildə Şarl Leklerlə qazandığı qələbədən sonra Monzada bir daha qalib gələ bilməyən Ferrari-də Vassyör sözlərini belə tamamlayıb:“Monzanın Ferrari üçün həmişə xüsusi yeri var.

Tifozilərimizin qarşısında yarışmaq bütün komandaya inanılmaz enerji verir.

Bu il Mixael Şumaxeri və onun bizə qoyduğu irsi yad edərkən əlavə emosional anlar da yaşayacağıq.

Mixaelin daim inkişaf axtarışında olması, detallara verdiyi önəm və komanda işinə inamı bu gün də bizim üçün əsas dəyərlər olaraq qalır”.

Rauf Hacıyev

Şərh əlavə et