Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: İtaliya daha fərqli olacaq

Ferrari komandasının pilotu Şarl Lekler İtaliya Qran Prisi öncəsi jurnalistlərin suallarını cavablandırıb.

2026-cı il qaydalarının Monza kimi yüksək sürətli trasda bolidə və sürüşə təsirini dəyərləndirən monakolu sürücü builki İtaliya Qran Prisinin əvvəlki illərdən xeyli fərqli olacağını vurğulayıb: “Dəyişiklik həqiqətən çox böyükdür. Mövsümün əvvəlində Spa və Silverstoun simulyasiyalarına baxanda həftəsonuna bir qədər şübhə ilə yanaşırdım. Amma trasa çıxdıqda gözlədiyimdən daha yaxşı hiss etmişdim.

Monzada da eyni vəziyyətin olacağına ümid edirəm. Kağız üzərində bura əvvəlki illərlə müqayisədə tamamilə fərqli tras kimi görünür.

Təbii ki, ən nəzərəçarpan fərq hamımızın bildiyi kimi güc qurğusu tərəfindədir. Amma məncə, asfaltayatma qüvvəsində də ciddi dəyişiklik olacaq. Döngələrin sayının az olması səbəbindən düzlüklərdə itirdiyimiz vaxtı kompensasiya etmək daha çətin olacaq.

Lakin bolidin bütün sazlamalarını ən yaxşı səviyyəyə çatdıra bilsək, Silverstoun və Spa-da olduğu kimi bazar günü yenə zirvə uğrunda mübarizədə olacağımıza inanıram”.

Ferrari-nin doğma yarışında iştirakın yaratdığı məsuliyyətlərə və paddokdakı son yeniliklərə toxunan Lekler Lando Norrisin elan etdiyi yeni aşağıseriya komandasını da dəyərləndirib: “Monza həftəsonları bizim üçün həmişə daha uzun və yorucu keçir. İki gün əvvəl Milanda keçirilən tədbirlərlə başladıq, bu gün trasa gəldik və nəhayət, cümə günü bolidlə trasa çıxacağıq.

Amma aldığımız enerji o qədər müsbətdir ki, nə qədər yorulduğumu yalnız yarışdan bir gün sonra anlayıram. Qarşıdakı həftə Madrid yarışı olduğu üçün bazar ertəsi bərpa prosesi çox vacib olacaq.

Digər tərəfdən, Lando Norris-in Formula 3 və Formula 4-də öz komandasını yaratması həqiqətən çox təsirlidir. Bu, kifayət qədər ciddi layihədir və rəhbərliyinə də təcrübəli insanlar gətirilib. Hətta Formula 2-dəki yarış mühəndisim Qullaume Kapietto da bu proqrama qoşulub. Onun nə qədər möhtəşəm mühəndis olduğunu çox yaxşı bilirəm.

Mənim də öz kartinq komandam var və bəlkə zamanla böyüyəcək. Ancaq hazırda ona kifayət qədər vaxt ayıra bilmirəm”.

Rauf Hacıyev

Şərh əlavə et