Xəbəri Kokpitdə Oxuyun!

McLaren xüsusi rəng çalarını təqdim edib

McLaren və əsas sponsoru OKX, Monza və Madrid yarışlarında istifadə olunacaq xüsusi rəng çalarını təqdim edib.

McLaren ilə kriptovalyuta birjası OKX arasında 2022-ci ildən davam edən uğurlu əməkdaşlığı qeyd etmək məqsədilə hazırlanan xüsusi dizayn İtaliya Qran Prisinin keçiriləcəyi Monza və İspaniya Qran Prisinə ev sahibliyi edəcək Madriddə MCL40 bolidlərinin üzərində olacaq.

İki marka daha əvvəl 2023-cü il Sinqapur Qran Prisindəki “Stealth Mode”, 2024-cü il Monako Qran-Prisindəki “McLaren SENNA”, həmçinin 2025-ci ildə Monako və İspaniya yarışlarında istifadə olunan xüsusi dizaynlarla böyük maraq doğurub.

Xüsusi dizaynla bağlı fikirlərini bölüşən McLaren Racing-in marketinq direktoru Luiza Makeven OKX ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “OKX ilə birlikdə hazırladığımız dizaynlar hər mövsümün ən çox diqqət çəkən bolidlərindən birinə çevrilib.

Xüsusilə 2024-cü ildə hazırladığımız ikonik SENNA dizaynı müxtəlif nəsillərdən olan azarkeşlər arasında böyük qlobal rezonans yaradaraq, bu günə qədər həyata keçirdiyimiz ən uğurlu layihələrdən birinə çevrilib.

Bu uğur tərəfdaşlığımızın nə qədər dəyərli olduğunu bir daha göstərib. Bu il Monza və Madriddə birlikdə qazandığımız uğurları qeyd edəcəyimiz üçün böyük həyəcan keçiririk”.

Bolidin dizaynı ilə yanaşı, pilotların yarış kombinezonlarında da dəyişiklik edilib.

Lando Norris və Oskar Piastri həftəsonu Monza trasında xüsusi detallara sahib MCL40 bolidləri ilə mübarizə aparacaq. Xüsusi rəng çaları təqvimin sonrakı mərhələsində keçiriləcək Madrid yarışında da trasa çıxarılacaq.

Rauf Hacıyev

Şərh əlavə et