Xəbəri Kokpitdə Oxuyun!

M.Ben Sulayem söz verdi: V8 motorlar qayıdacaq

FIA prezidenti Mohammed Ben Sulayem V8 mühərriklərinin geri qayıdışı ilə bağlı ən konkret açıqlamasını verib.

2026-cı ildə qüvvəyə minən yeni mühərrik qaydaları ilə bağlı müzakirələr davam edərkən, V8 mühərriklərinin Formula 1-ə qayıtması ehtimalı hər ötən gün daha da güclənir.

Mövzu ilə bağlı ən diqqətçəkən açıqlama isə FIA-nın prezidenti Mohammed Ben Sulayemdən gəlib. Ben Sulayem V8 mühərriklərinə qayıdışın artıq sadəcə ideya olmadığını və yaxın gələcəkdə bu istiqamətdə konkret addımların atılacağını bildirib.

Proseslə bağlı olduqca iddialı danışan Ben Sulayem deyib: “V8 mühərrikləri gəlir. Həm də çox yaxında gəlir.

Bu istiqamətdə irəliləmək qərarını mən vermişəm və belə də olacaq. Buna bir çox səbəbə görə ehtiyacımız var. Daha ucuz, daha yaxşı səsə malik, daha yüngül və daha az mürəkkəb mühərriklər olacaq.

Formula 1-in ehtiyacı olan da məhz budur”.

İdmanın gələcəyində sadəliyin mühüm amil olması lazım olduğunu vurğulayan Ben Sulayem sözlərini belə davam etdirib: “Sadəlik həm biznes, həm də avtoidman üçün faydalıdır. Sadəlik və innovasiya bir arada mövcud ola bilər. Biz də məhz bunu edirik. Artıq indidən sizə söz verə bilərəm: V8 mühərrikləri geri qayıdacaq”.

Rauf Hacıyev

Şərh əlavə et