Xəbəri Kokpitdə Oxuyun!

Nyuinin səhmlərinin miqdarı bəlli olub

Ədrian Nyui 2025-ci ilin martında Aston Martin-ə qoşularkən yalnız komandanın texniki strukturuna rəhbərlik etməyə başlamayıb, eyni zamanda komandanın səhmdarları sırasına da daxil olub.

PlanetF1-in əldə etdiyi məlumata görə, Nyui Aston Martin-də təxminən 4,7 faizlik paya sahibdir. Bu pay D sinfinə aid 17 287 səhm üzərindən tutulur.

Aston Martin-in hazırkı bazar dəyərinin təxminən 3,4 milyard dollar olduğu nəzərə alındıqda, Nyui-nin payının nəzəri dəyəri təxminən 159,8 milyon dollara çatır. Lakin bu məbləğin tamamı britaniyalı mühəndis üçün qısa müddətdə əlçatan deyil.

Məlumata görə, Nyuinin sahib olduğu səhmlər digər rəhbər şəxslərin paylarından fərqli olaraq, beşillik təşviq proqramına bağlı xüsusi struktur çərçivəsində verilib. Buna görə də Nyui səhmlərini sərbəst şəkildə sata və ya nağdlaşdıra bilmir.

Britaniyalı mühəndisin bu investisiyadan çıxması üçün iki əsas yol mövcuddur. Lakin hazırkı şərtlərə əsasən, onların heç birindən 2030-cu ilin martından əvvəl istifadə etmək mümkün deyil.

Yeganə istisna Lourens Strollun Aston Martin-dəki payını satmasıdır. Belə bir vəziyyətdə Nyui də sahib olduğu səhmləri eyni əməliyyat çərçivəsində satmaq hüququ əldə edəcək.

Nyui 2030-cu ilin martı ilə sentyabrı arasında çıxış hüququndan istifadə edərsə, ödəniş 2025-ci ilin martından əvvəl müəyyənləşdirilmiş istinad dəyəri əsasında həyata keçiriləcək və səhmlərin həmin dəyərinin 62,35 faizi əsas götürüləcək.

Alternativ olaraq, Nyui səhmlərini üçüncü tərəfə də sata bilər. Lakin bunun üçün direktorlar şurasının təsdiqi tələb olunur və mövcud səhmdarların önalım hüququ var. Belə bir satış baş tutacağı təqdirdə Nyui səhmlərinin tam bazar dəyərini əldə edə biləcək.

Razılaşmanın ən diqqətçəkən maddələrindən biri isə Nyuinin 2030-cu ildən əvvəl Aston Martin-dən ayrılması halında qüvvəyə minir.

Bu ssenaridə səhmlər Aston Martin-ə geri qaytarılacaq və onların geri alım dəyəri bazar dəyəri ilə ilkin alış qiymətindən daha aşağı olan məbləğ əsasında hesablanacaq. Nyuinin hər səhm üçün cəmi 1 funt ödədiyi bildirilir. Buna görə də onun “pis ayrılan” (bad leaver) statusunda qiymətləndirilməsi halında təxminən 160 milyon dollarlıq potensial dəyər artımını itirə biləcəyi qeyd olunur. Aston Martin-in dəyərinin yüksəlməsi halında bu məbləğ daha da arta bilər.

Bu struktur Nyuinin komandanın uzunmüddətli uğurunda birbaşa maraqlı tərəfə çevrilməsini təmin edir. Aston Martin-in dəyəri artdıqca britaniyalı mühəndisin investisiyasının dəyəri də yüksəlir. Beləliklə, Nyuinin iqtisadi maraqları Aston Martin-in və Lourens Strollun layihəsinin uğuru ilə birbaşa əlaqələnir.

Aston Martin-də səhmləri olan yeganə yüksək vəzifəli rəhbər isə Nyui deyil. Endi Kauellun səhmlərinin təxminən 62 milyon dollar, Enriko Kardilenin 7,6 milyon dollar, keçmiş texniki direktor Endryu Qrinin isə təxminən 21 milyon dollar dəyərində olduğu bildirilir. Tom Makkallou isə komandanın təxminən 0,02 faizinə bərabər və hazırkı bazar dəyəri ilə təxminən 640 min dollar qiymətləndirilən səhmlərə sahibdir.

Lakin bu səhmlərlə Nyuinin payı arasında mühüm fərq var. Kauell, Kardile, Qrin və Makkallounun səhmləri müəyyən şərtlər daxilində nağdlaşdırıla bilən standart şirkət səhmləridir. Nyuinin səhmləri isə beşillik performans proqramına bağlı xüsusi struktura malikdir və britaniyalı mühəndis 2030-cu ilin martına qədər onlara sərbəst şəkildə sərəncam verə bilmir.

Rauf Hacıyev

Şərh əlavə et