Xəbəri Kokpitdə Oxuyun!

Mercedes bilərək yenilikləri gecikdirir

Mercedes komandasının rəhbəri Toto Volf təsdiqləyib ki, W17 üçün hazırlanan yeniliklər qəsdən mövsümün ikinci yarısına saxlanılıb.

Macarıstan Qran Prisində Kimi Antonellinin üçüncü yeri tutaraq podiuma yüksəlməsindən, Corc Rassellin isə yeddinci pillədə finiş görməsindən sonra danışan Toto Volff, Brekli təmsilçisinin inkişaf strategiyasını dəyərləndirib.

Volff son həftələrdə Ferrari-nin demək olar ki, hər yarışa yeni detallar gətirməsinə diqqət çəkmişdi.

Avstriya Qran Prisi zamanı Ferrari-nin bu qədər ardıcıl yeniliklər təqdim edə bilməsini sual altına alan Mercedes rəhbəri bildirmişdi ki, bu temp davam edərsə, “qırmızılar”ın büdcə limitinə çatması qaçılmaz olacaq.

Volffun fikrincə, Ferrari hazırda ön qrup komandaları arasında inkişaf tempini azaltmayan yeganə komandadır. Mercedes, McLarenRed Bull isə daha ehtiyatlı strategiyaya üstünlük verirlər.

Mühəndislər Kubokunda 379 xalla lider olan və Ferrari-ni 72 xal qabaqlayan Mercedes-in bu inkişaf yarışında rəqabətə davam gətirib-gətirə bilməyəcəyi soruşulduqda Toto Volff belə cavab verib: “Ümid edirəm ki, belə olacaq. Yenilikləri nə vaxt təqdim edəcəyimiz barədə həqiqətən strateji davranmalıyıq. Keçmişdə olduğu kimi hər Qran Priyə yeni detallar gətirmək artıq mümkün deyil. Bunun əvəzinə yeniliklərin bolidə ən böyük performans qazancı verəcəyi məqamı düzgün müəyyənləşdirməlisiniz”.

Mercedes W17-nin inkişaf proqramını mövsüm ərzində bir neçə mərhələyə bölüb.

Almaniya təmsilçisi mövsümöncəsi Bəhreyn testlərində genişmiqyaslı aerodinamik və soyutma paketi ilə çıxış edib, daha sonra isə kiçik yeniliklərlə kifayətlənib. Mayami mərhələsində də məhdud sayda yeni detallar istifadəyə verilib.

Komandanın mövsüm ərzindəki ən böyük yeniləmə paketi isə Kanada Qran Prisində təqdim olunub.

Həmin paketə yenilənmiş ön qanad, təkmilləşdirilmiş asılqan örtükləri, yenidən işlənmiş altlıq, yeni arxa qanad və daha yüngül ötürmələr qutusu da daxil olmaqla çəkinin azaldılmasına yönəlmiş həllər daxil idi. Bu yeniliklərin hər dövrədə təxminən 0,3 saniyə performans qazandırdığı təxmin edilir.

Kanadadan sonra Mercedes iri həcmli yenilikləri qəsdən sonraya saxlamağa qərar verib.

Toto Volff bunun yeni detallar hazırlaya bilməmələri ilə bağlı olmadığını, tamamilə strateji qərar olduğunu vurğulayıb: “Bəli, yeniliklər gətirəcəyik. Onlardan nə qədər istifadə edə biləcəyimizi diqqətlə izləyirik. Hazırda büdcə limiti baxımından vəziyyətimiz yaxşıdır. Yeniliklərin əsas hissəsini mövsümün ikinci yarısına yönəltməyə çalışdıq. Bunun kifayət edib-etməyəcəyini isə zaman göstərəcək”.

Rauf Hacıyev

Şərh əlavə et