Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas Cadillac-ın problemini açıqlayıb

Mövsümün ilk yarısında tez-tez əyləclərinin alışması ilə gündəmə gələn Cadillac, Macarıstan Qran Prisində də eyni problemlə üzləşib. Valtteri Bottas nasazlığın arxasında duran texniki səbəbi açıqlayıb.

2026-cı ildə Formula 1-ə qoşulan Cadillac komandası göstərdiyi performansla yanaşı, artıq xroniki problemə çevrilən əyləc yanğınları ilə mübarizəni davam etdirir. Hava ilə soyudulan Formula 1 əyləc sistemlərində disklərin üzərindəki minlərlə kiçik dəlikdən keçən hava axını 1200°C-yə çatan temperaturu azaltmağa xidmət edir. Lakin Amerika təmsilçisinin aerodinamik balansı qorumaq məqsədilə hazırladığı əyləc kanalları kifayət qədər effektiv olmayıb.

Avstriya Qran Prisində hər iki bolid ilk dövrələrdə əyləc yanğını səbəbindən mübarizəni dayandırdıqdan sonra Cadillac Budapeştə yeni ön əyləc soyutma kanalları gətirmişdi. Ancaq bu yenilik də problemi aradan qaldırmayıb. Finlandiyalı pilotun bolidi yarış zamanı alovlanıb və finlandiyalı pilot əyləcləri tam itirdikdən sonra bolidi dayandıra bilmək üçün onu divara sürtməli olub.

Macarıstandakı yarışdan sonra yaşadığı təhlükəli anları xatırlayan Valtteri Bottas belə deyib: “Gətirdiyimiz yeni ön soyutma kanalları bu problemi aradan qaldırmaq və yanğınların qarşısını almaq üçün hazırlanmışdı. Amma son yarış göstərdi ki, əyləclərlə bağlı problemimiz hələ də qalır. Əlbəttə, tras və hava şəraiti son dərəcə ağır idi, ancaq vəziyyət göz qabağındadır. Problem tamamilə əyləclərin həddindən artıq qızması ilə bağlıdır. Temperatur elə həddə çatır ki, sistemin daxilindəki bütün hissələr alovlanmağa başlayır. Nəticədə sistemin bütün komponentləri sıradan çıxır. Pit yoluna daxil olarkən əyləclərim ümumiyyətlə işləmirdi. Çox güman ki, hidravlik xətlər yanmışdı. Mən də bolidi dayandıra bilmək üçün onu divara sürtməyə məcbur oldum”.

Formula 1-dəki ikihəftəlik məcburi yay fasiləsi ərzində bazaların fəaliyyətini dayandıracağını xatırladan Bottas bildirib ki, Niderland Qran Prisi üçün böyük yeniləmə paketi hazırlamaq mümkün olmayacaq və komandanın diqqəti tədricən gələn ilin bolidinə yönələcək: “Zandfort üçün əlimizdə yeni bir şey olacağını düşünmürəm. Ümid edirəm ki, heç olmasa əyləclərlə bağlı kiçik bir həll tapılacaq, lakin performansa yönəlmiş yeniləmə gözləmirəm. Onsuz da müəyyən mərhələdən sonra bütün diqqətimizi tamamilə gələn ilin bolidinə yönəltməli olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et