Britaniyalı sürücü hesab edir ki, Formula 1 artıq idmanın inkişafından daha çox kommersiya maraqları əsasında idarə olunur.
Lando Norris: “Formula 1-in yalnız kommersiya maraqları ilə idarə olunması və bu idmanı mümkün olan ən yaxşı səviyyəyə çatdırmaq məqsədinin ikinci plana keçməsi həqiqətən də məyusedicidir. Hamı yalnız şirkət olaraq necə daha çox pul qazanacağını düşünür. Amma Formula 1 belə idarə olunmamalıdır. Bir idman təşkilatı bu düşüncə tərzi ilə idarə edilməməlidir”.
Norris 2026-cı ildən qüvvəyə minən yeni texniki reqlamentləri də tənqid edərək bildirib ki, dəyişikliklərin əsas məqsədi yeni istehsalçıları Formula 1-ə cəlb etmək olub: “Hamı pul qazanmaq istəyir. Buna görə də Audi və digər istehsalçıları Formula 1-ə gətirə bilmək üçün bütün bu dəyişiklikləri etmək məcburiyyətində qaldıq. Əslində belə olmamalı idi, amma təəssüf ki, şirkətlər bu cür işləyirlər”.
Britaniyalı pilot qərarların qəbul edilməsi prosesində sürücülərin fikirlərinə kifayət qədər önəm verilmədiyini də vurğulayıb. “Ən böyük söz haqqına malik olan insanlar məhz biz – pilotlar olmalıyıq. Bunu eqoistlikdən demirəm. Yarışların necə keçirilməli olduğu barədə ən düzgün baxış bucağına sahib olan bizik. Buna baxmayaraq, qərarların qəbulunda demək olar ki, heç bir söz haqqımız yoxdur. Lakin görünən odur ki, Audi və digər istehsalçıları Formula 1-ə cəlb etmək, pilotların məmnunluğunu təmin etməkdən daha vacib hesab olunur”.




Şərh əlavə et