2026-cı il mövsümünə çox pis başlayan Aston Martin, Macarıstan Qran Prisində təqdim etdiyi 16 hissədən ibarət böyük yeniləmə paketi sayəsində toparlanma əlamətləri göstərib. Bu yeniləmələrin nəticəsində Fernando Alonso cari mövsümdə ilk dəfə sıralanma turunun ikinci sessiyasına (Q2) yüksəlməyi bacarıb.
Əfsanəvi konstruktor Ədrian Nyui xatırladıb ki, 2026-cı il bolidi rəqiblərlə müqayisədə dörd ay gec – 2025-ci ilin aprelində aerodinamik boruya daxil olub. O, həmçinin Honda güc qurğusundakı problemlərin əsl miqyasını yalnız ötən ilin noyabrında tam şəkildə anladıqlarını bildirib və buna görə 2027-ci il layihəsində daha planlı işləyəcəklərini vurğulayıb.
Komandanın rəsmi saytına danışan Ədrian Nyui AMR27 layihəsinin artıq formalaşmağa başladığını təsdiqləyib: “Hazırda araşdırmaların ilkin mərhələsindəyik. Mühərrikin təkər bazasında yerləşməsi, şassinin quruluşu kimi uzunmüddətli təsirə malik vacib memarlıq qərarlarını qəbul edirik. Ön və arxa asılqanın konsepsiyasını, ötürmələr qutusunun quruluşunu və aerodinamik səmərəliliyə birbaşa təsir edən bütün əsas seçimləri təhlil edirik. Əsas məqsədimiz 2027-ci il bolidini istehsal mərhələsinə daha erkən çatdırmaqdır. Beləliklə, bu il üzərimizdə hiss etdiyimiz böyük təzyiqi bir daha yaşamayacağıq. Erkən başlanğıc bizə çəki, etibarlılıq və digər vacib detalların optimallaşdırılmasını daha səmərəli şəkildə həyata keçirməyə imkan verəcək”.
2027 qaydalarında əsas dəyişiklik
Nyui 2027-ci il texniki reqlamentində ediləcək dəyişikliklərə də toxunub. Onun sözlərinə görə, güc qurğusunda yanacaq və enerji ehtiyatı ilə bağlı təxminən 5 faizlik dəyişikliklər nəzərdə tutulsa da, əsas yenilik şassi hissəsində olacaq: “Şassi baxımından ən böyük dəyişiklik altlığın ön hissəsində yerləşən və ‘bib’ və ya ‘tea tray’ adlandırılan sahədə baş verəcək. Ön kənar təxminən 300 millimetr geriyə çəkiləcək. Bu isə bolidin ön hissəsini daha alçaq qurmağa imkan verəcək və tamamilə fərqli aerodinamik xarakter yaradacaq.
Arxa qanad asfaltayatma qüvvəsini azaltmaq məqsədilə daha yastı olacaq, altlığın ön hissəsindəki qanadcıqların sayı azalacaq, qazburaxma sisteminin ətrafındakı bəzi boşluqlar isə bağlanacaq. Ancaq bizim üçün əsas məsələ məhz altlığın ön hissəsindəki dəyişikliklərdir. Bu, bütün komandaların həll etməli olacağı tamamilə yeni aerodinamik tapmaca deməkdir”.
“Komanda artıq daha güclü vəziyyətdədir”
Son bir ildə yaşanan çətinliklərin Aston Martin-i daha güclü komandaya çevirdiyini bildirən Nyui gələcəyə nikbin baxdığını söyləyib: “Son bir il ərzində çox sürətlə böyüməli və yetkinləşməli olduq. Buna görə də bu qayda dəyişikliklərindən maksimum faydalanmaq baxımından bir il əvvəlkindən qat-qat yaxşı vəziyyətdəyik. Artıq komanda olaraq daha yüksək səviyyədəyik və bu, gələcəklə bağlı məndə böyük ümid yaradır”.




Şərh əlavə et