Xəbəri Kokpitdə Oxuyun!

Sepang yarışı gecə olacaq?

Formula 1-in rəsmi tətbiqində yaranan sistem xətası səbəbindən Sepanqda keçiriləcək yarışın gecə baş tutacağı ilə bağlı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir neçə gün əvvəl Formula 1-in rəsmi mobil tətbiqində Sepanq mərhələsinin start saatı yerli vaxtla 20:00 olaraq göstərilmişdi. Bu isə qısa müddətdə sosial şəbəkələrdə Malayziyada keçiriləcək Bəhreyn Qran Prisinin gecə yarışı olacağı barədə iddiaların yayılmasına və azarkeşlər arasında çaşqınlıq yaranmasına səbəb olmuşdu.

Xarici mətbuatın əldə etdiyi son məlumata görə, baş verən hadisənin səbəbi tamamilə aradan qaldırılması üzərində işlənilən texniki sistem xətası olub.

Formula 1-in rəsmi internet saytında yarışın start vaxtı hələ də “Daha sonra açıqlanacaq” kimi göstərilsə də, etibarlı mənbələr yarışın gecə keçirilməsi ehtimalının qətiyyən gündəmdə olmadığını bildiriblər.

Yaranan qarışıqlıqdan sonra Sepanq Beynəlxalq Trasının baş icraçı direktoru Azhan Şafriman Hənif Malayziyanın milli xəbər agentliyi Bernamaya açıqlamasında gecə yarışı ilə bağlı yayılan iddiaları təkzib edib: “Yarış gecə deyil, günortadan sonra keçiriləcək”.

Hənif əlavə edib ki, Formula 1 rəhbərliyi heç vaxt Malayziyada gecə yarışı keçirməyi planlaşdırmayıb.

Bundan başqa, Malayziya mərhələsindən cəmi bir həftə sonra təqvimin ən məşhur gecə yarışlarından biri olan Sinqapur Qran Prisi keçiriləcək. Bu baxımdan Sepanq yarışının da gecə təşkil olunmasına ehtiyac olmadığı vurğulanır.

Rauf Hacıyev

Şərh əlavə et