Son üç yarışda Qabriel Bortoleto və Niko Hülkenberqlə xal qazanaraq Mühəndislər Çempionatında Williams-ı geridə qoyan Audi-nin yarış direktoru Allan MakNiş, növbəti mühərrik yeniləməsinin niyə yalnız 2027-ci ildə təqdim ediləcəyini izah edib.
Motorsport.com-a danışan MakNiş bu qərarın əsas səbəbinin büdcə məhdudiyyətləri olduğunu bildirib: “Növbəti mühərrik yeniləməsi gələn il gələcək. Hər komanda həm şassi, həm də güc qurğusu yeniləmələrini nə vaxt tətbiq edəcəyinə və büdcəsini hara yönəldəcəyinə dair balans qurmalıdır. Bütün vəsaiti bir anda xərcləyə bilməzsiniz. Əks halda mövsümün sonrakı hissəsində mübarizə aparacaq resursunuz qalmayacaq. Buna görə də gözləntiləri yalnız bir mövsüm üçün deyil, bir neçə mövsüm üçün planlaşdırmaq lazımdır. Barselonada gətirdiyimiz kiçik yeniləmələr çox yaxşı işləyib və irəliləyiş əldə etməyimizə kömək edib. Lakin daha böyük yeniliklər 2027-ci il üçün hazırlanacaq. Həmin vaxta qədər güc qurğusunda ciddi dəyişiklik görməyəcəksiniz”.
2027-ci il mühərrikindən nə qədər böyük sıçrayış gözlədikləri soruşulduqda isə MakNiş gülərək belə cavab verib: “Bu artıq 2027-ci ilin mövzusudur, bizə bir az möhlət verin! Hazırda hələ 2026-cı ilin ortasındayıq və qarşıda uzun mövsüm var. Güc qurğusundakı dəyişikliklər əsasən texniki avadanlıqla bağlıdır və belə dəyişiklikləri qısa müddətdə həyata keçirmək mümkün deyil”.
Audi-nin bu il təqdim etdiyi və mühərrikin idarəetmə xüsusiyyətlərini yaxşılaşdıran ilk yeniləmənin əhəmiyyətindən danışan təcrübəli pilot Niko Hülkenberq isə məsələni texniki baxımdan belə izah edib: “Sürüş keyfiyyəti dedikdə qaz pedalına basdığınız zaman mühərrikin necə reaksiya verməsi, fırlanma anının necə ötürülməsi nəzərdə tutulur. Güc ötürülməsində dalğalanma varmı? Güc hamar şəkildə gəlirmi? Bunlar çox incə detallardır. Göz qırpımından da qısa müddətdə, döngədən çıxarkən saniyənin onda birindən az vaxt ərzində baş verir.
Amma bolid limitdə idarə olunarkən həmin detalların hamısı son dərəcə vacib olur. Əgər bunun üzərinə idarəetmə problemləri də əlavə olunsa, əyri gələn topa zərbə vurmağa çalışmaq kimi bir vəziyyət yaranar. Ötürmələr qutusu keçidlərinin keyfiyyəti də bolidin balansına birbaşa təsir edir. Yəni bütün bu elementlər bir-biri ilə sıx əlaqəlidir”.




Şərh əlavə et