Bəs Sepangı bu qədər xüsusi edən nədir?
Əslində Sepang sadəcə bir yarış trası deyil. Bura Formula 1 tarixində saysız-hesabsız dramatik hadisələrin, gözlənilməz nəticələrin və unudulmaz mübarizələrin yaşandığı məkandır.
1999 – Formula 1 burada yeni dövrə qədəm qoydu

Sepang 1999-cu ildə Formula 1 təqviminə daxil oldu. Bu, məşhur tras memarı Hermann Tilkenin layihələndirdiyi ilk Formula 1 avtodromu idi və sonradan onun imzasına çevriləcək Şanxay, Bəhreyn, Yas Marina, İstanbul və Bakı kimi trasların başlanğıcı sayılırdı.
İlk yarış isə əsl filmləri xatırladırdı.
Ayağı qırıldıqdan cəmi 98 gün sonra geri qayıdan Mixael Şumaxer hamını heyrətləndirərək poul qazandı. Lakin yarışda çempionluq uğrunda mübarizə aparan komanda yoldaşı Eddi İrvinə yol verdi və Ferrari dublla finiş gördü. Yarışdan sonra Ferrari qeyri-qanuni aerodinamik elementlərə görə diskvalifikasiya olunsa da, apellyasiya nəticəsində qərar ləğv edildi və İrvin qələbəsini geri aldı. Bu, Sepangın tarixə düşən ilk böyük dramı idi.
2002 – Şumaxerin əzmkarlığı və unudulmayan “F***ing idiot!”

2002-ci il Malayziya Qran Prisi start verilən andan etibarən dramatik hadisələrlə yadda qalmışdı. Poul mövqeyindən yarışa başlayan Ferrari pilotu Mixael Şumaxer ilk döngədə Williams sürücüsü Xuan Pablo Montoya ilə təmas yaşadı. Montoya daxili trayektoriyadan hücuma keçsə də, iki bolid toqquşdu, Şumaxer ön qanadı qırıldı və son sıralara gerilədi. Kolumbiyalı pilot isə insidentə görə pitdən keçmə cəzası aldı.
Hadisədən dərhal sonra Montoyanın radio ilə dediyi “F**g idiot!”** ifadəsi uzun illər Formula 1-in ən məşhur radio mesajlarından biri kimi xatırlandı. İnsidentin günahkarı barədə mübahisələr isə yarışdan sonra da davam etdi.
Lakin Sepang həmin gün daha bir dramatik hekayəyə şahidlik etdi. Son sıralara düşən Şumaxer mübarizəyə davam etdi və dövrə-dövrə rəqiblərini geridə qoyaraq yenidən podium uğrunda mübarizəyə qoşuldu.
Yarışın son dövrəsində üçüncü yerdə gedən Renault pilotu Censon Battonun mühərrikində problem yarandı. Sürətini itirən britaniyalını fürsətdən maksimum yararlanan Şumaxer geridə qoydu və finiş xəttini üçüncü keçərək podiuma yüksəldi.
Bu nəticə təkcə möhtəşəm geridönüş deyildi. Məhz Sepangdakı həmin son dövrə ötməsi sayəsində Mixael Şumaxer 2002-ci il mövsümündə keçirilən 17 yarışın hamısını podiumda başa vuran yeganə sürücü oldu. Formula 1 tarixinin ən dominant mövsümlərindən birində əldə olunan bu rekordun qorunmasında Sepang həlledici rol oynadı və 2002-ci il Malayziya Qran Prisini trasın ən unudulmaz yarışlarından birinə çevirdi.
2003 – “Buz adam”ın ilk zəfəri

Kimi Rəykkönen məhz Sepangda Formula 1-də ilk qələbəsini qazanmışdı.
O zaman 23 yaşı olan finlandiyalı 7-ci yerdən start alaraq McLaren-i möhtəşəm qələbəyə daşımışdı. Sonralar dünya çempionu olacaq “Buz adam”ın əfsanəsi məhz burada başlamışdı.
2009 – Yağış Formula 1-i dayandırdı

Sepang tropik iqlimi ilə məşhurdur. Burada hava beş dəqiqə ərzində tamamilə dəyişə bilir.
2009-cu ildə yağan leysan o qədər güclü idi ki, yarış cəmi 31 dövrədən sonra qırmızı bayraqla dayandırılmışdı. Günün qaranlıqlaşması və suyun trası tamamilə örtməsi səbəbindən yarış bərpa olunmamışdı. Pilotlara isə yarım xal verilmişdi. Formula 1 tarixində nadir rast gəlinən hadisələrdən biri məhz burada yaşanmışdı.
2012 – Alonso möcüzəsi

Fernando Alonso karyerasının ən möhtəşəm yarışlarından birini məhz Sepangda keçirmişdi.
Ferrari həmin il çempionluq uğrunda mübarizə aparacaq səviyyədə deyildi. Buna baxmayaraq, ispan pilot dəyişkən hava şəraitindən maksimum istifadə edərək sürətli Sauber pilotu Serxio Peresi arxada saxlamış və inanılmaz qələbə qazanmışdı.
Əksər ekspertlər hələ də həmin yarışı Alonsonun karyerasının ən yaxşı çıxışlarından biri hesab edir.
2013 – “Multi 21”

Sepang deyəndə ağla ilk gələn hadisə isə, şübhəsiz ki, “Multi 21” qalmaqalıdır.
Red Bull komandasının əmri sadə idi: Mark Vebber öndə qalacaq, Sebastyan Fettel isə ikinci yeri qoruyacaqdı.
Lakin Fettel komanda əmrini dinləmədi. O, komanda yoldaşını ötmüç, yarışı qazanmış və finişdən sonra Vebberin məşhur sözləri tarixə düşmüşdü: “Multi 21, Seb… Multi 21.”
Bu hadisə Red Bull daxilində münasibətləri tamamilə dəyişdi və Vebberlə Fettel arasındakı gərginliyin zirvə nöqtəsinə çevrilmişdi.
2015 – Fettelin Ferrari ilə ilk zəfəri

Sebastyan Fettel Ferrari-yə keçdikdən cəmi iki yarış sonra Sepangda qalib gəlmişdi.
Mercedes-in hegemonluğu dövründə gələn bu qələbə Ferrari azarkeşlərinə böyük ümid vermişdi. O gün Sepang qırmızı rəngə bürünmüşdü.
2016 – “No, no!”

Sepangın ən dramatik yarışlarından biri 2016-cı ildə yaşanmışxıdı. Həmin gün Lyuis Həmilton Mercedes ilə yarışa tam nəzarət edirdi. Britaniyalı pilot Daniel Rikkardonu 20 saniyədən çox qabaqlayırdı və qələbəyə doğru inamla irəliləyirdi. Hər şey onun dünya çempionatında liderliyi geri alacağına işarə edirdi.
Lakin yarışın 41-ci dövrəsində gözlənilməz hadisə baş verdi. Həmiltonun mühərriki qəfil sıradan çıxdı və alovlanmağa başladı. Radiodan eşidilən “No, no! No!” sözləri isə Formula 1 tarixinin ən yadda qalan radio mesajlarından birinə çevrildi.
Həmilton mübarizəni vaxtından əvvəl dayandırarkən qələbə Red Bull pilotu Daniel Rikkardoya qismət oldu. Yarışın startında Sebastyan Fettelin toxunuşu nəticəsində son sıralara düşən Niko Rosberq isə əla geri dönüş edərək üçüncü yeri tutdu. O, üstəlik Kimi Rəykkönenlə təmasa görə aldığı 10 saniyəlik cəriməyə baxmayaraq podiumu qorumağı bacardı.
Bu nəticə çempionatın taleyinə ciddi təsir göstərdi. Həmilton həmin yarışda qələbə qazansaydı, xal hesabında üstünlüyü ələ keçirəcəkdi. Əvəzində Rosberq fərqi 23 xala çatdırdı və bu üstünlük mövsümün sonunda ona karyerasının yeganə dünya çempionluğunu qazandıran əsas dönüş nöqtələrindən biri oldu.
Bu epizod Sepangın niyə bu qədər sevilən tras olduğunu göstərən ən yaxşı nümunələrdəndir. Bir mühərrik nasazlığı təkcə bir yarışın yox, bütöv mövsümün və dünya çempionluğunun taleyini dəyişdirdi. Həmiltonun “No, no!” fəryadı isə bu gün də Formula 1 tarixinin ən emosional radio mesajlarından biri kimi xatırlanır.
2017 – Son vida…

2017-ci ildə Formula 1 hələlik sonuncu dəfə Sepangda yarışmışdı.
Qələbəni Maks Ferstappen qazanmışdı. Maraqlıdır ki, yarışdan sonra dövrəni yavaşlayaraq tamamlayan Sebastyan Fettel Lens Stroll ilə toqquşmuş və bolidi sıradan çıxmışdı. Daha sonra Paskal Verlyaynın Sauber bolidinin üzərinə minib paddoka qayıtması həmin mövsümün ən yaddaqalan görüntülərindən birinə çevrilmişdi.
Niyə pilotlar Sepangı sevirlər?
Sepang həm sürətli, həm texniki, həm də fiziki cəhətdən Formula 1-in ən çətin traslarından hesab olunur.
- 300 km/saatı keçən uzun düzlüklər;
- müxtəlif radiuslu döngələr;
- çoxsaylı ötmə imkanları;
- 30°C-dən yüksək temperatur;
- 80 faizə çatan rütubət;
- qəfil başlayan tropik leysanlar.
Pilotlar burada təkcə rəqiblərlə deyil, həm də hava şəraiti və fiziki yorğunluqla mübarizə aparırlar. Elə buna görə də Sepang həmişə həm sürücülərin, həm də azarkeşlərin ən sevimli traslarından biri olub.
Bu il Formula 1 yenidən Sepanga qayıdır. Bəhreyn Qran Prisi Malayziyada keçiriləcək. Doqquz illik fasilədən sonra tropik cəhənnəm yenidən Formula 1 mühərriklərinin səsinə qərq olacaq. Əgər Sepang keçmişdə bizə bu qədər dramatik yarışlar bəxş edibsə, onun dönüşü də böyük ehtimalla mövsümün ən yaddaqalan həftəsonlarından birinə çevriləcək.




Şərh əlavə et