Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F2: Leon qalibdir

Macarıstanda keçirilən Formula 2 həftəsonunun əsas yarışı Noel Leonun qələbəsi ilə başa çatıb. Campos Racing pilotu mövsümdə üçüncü qələbəsini qazanaraq çempionatda dördüncü pilləyə yüksəlib. Yarışı ikinci yerdə Kuş Mayni, üçüncü yerdə isə Rafael Kamara başa vurub.

Yarışın startına qədər Hunqarorinq üzərində hava açılıb. Havanın temperaturu +28°C, asfaltın temperaturu isə +45°C olub. DAMS komandasının pilotu Roman Bilinski qızdırma dövrəsinə çıxa bilməyib və marşallar onun bolidini start düzlüyündən pit yoluna aparıblar. Nəticədə o, yarışa pit yolundan start verib.

Pouldan start alan Kuş Mayni liderliyini qoruyub. Noel Leon ilk döngəyə enişdə Rafael Kamaranı geridə qoyaraq ikinci yerə yüksəlib. Lorens van Hupen altıncı yerdən dördüncülüyə qalxıb. Çempionatın lideri Nikola Tsolov isə startda bir mövqe qazanıb.

İkinci dövrədə Coşua Dürksen Tasanapol İntrafuvasakı keçərək beşinci yerə yüksəlib.

İlk dövrədə Martinius Stenshorn Tsolov və Con Bennettlə mübarizə zamanı ön asılqan və sükan sistemini zədələyib. Rodin Motorsport pilotu üçüncü dövrənin sonunda boksa qayıdıb və sonradan yarışa davam etsə də, artıq liderdən iki dövrə geri qalıb.

İlk beşlikdə qərarlaşan Mayni, Leon, Kamara, van Hupen və Dürksen yarışa Soft təkərlərlə başlayıblar. Onların arxasında gedən İntrafuvasak, Dino Beqanoviç və Tsolov isə ilk hissədə Medium təkərlərinə üstünlük veriblər.

Yeddinci dövrədə Bilinski məcburi pit-stop edən ilk pilot olub və Soft təkərlərini Medium ilə əvəzləyib. Həmin vaxt Tsolov birinci döngədə Niko Varroneni keçərək onuncu yerə yüksəlib.

Doqquzuncu dövrədə Sebastyan Montoya, Kolton Herta və Kin Şilds də pit-stop edərək Medium təkərlərinə keçiblər. On birinci dövrəyə qədər Mayni liderliyini 4,6 saniyəyə çatdırıb və yarışın ən sürətli dövrəsini vurub.

On dördüncü dövrədə İntrafuvasak Dürkseni keçərək beşinci yerə yüksəlib. Növbəti dövrədə Qabriyele Mini pit-stop edib, bir dövrə sonra isə Dürksen də boksa yollanıb.

On yeddinci dövrədə Leon, Miyata və Boya pit-stop ediblər. Elə həmin anda Rafael Vilyaqomesin 12-ci döngədə dayanması səbəbindən virtual təhlükəsizlik avtomobili (VSC) rejimi tətbiq olunub. Marşallar bolidi tez bir zamanda təhlükəsiz yerə çıxardıqları üçün yarış artıq növbəti dövrədə bərpa edilib.

Van Hupen 18-ci dövrənin sonunda pit-stop edərək onuncu yerə qayıdıb və pit-stop etmiş pilotlar arasında Leonun arxasında ikinci olub.

21-ci dövrədə ikinci yerdə gedən Kamara boksa daxil olub və doqquzuncu yerə qayıdaraq van Hupenin önünə keçib. Bu vaxt Leon artıq Oliver Göte və Emerson Fittipaldini keçərək altıncı yerə yüksəlmişdi.

22-ci dövrədə lider Mayni də pit-stop edib və Medium təkərlərinə keçərək səkkizinci yerə qayıdıb. Bununla da pit-stop etmiş pilotlar arasında virtual lider Noel Leon olub.

23-cü dövrədə Dino Beqanoviç pit-stop edib. Bir dövrə sonra isə lider İntrafuvasak Soft təkərlərinə keçmək üçün boksa yollanıb və onuncu yerə qayıdıb. Bu mərhələdə yarışın lideri Nikola Tsolov olub.

24-cü dövrənin sonunda Tsolov da pit-stop edib və 11-ci yerə qayıdıb. Liderlik isə hələ pit-stop etməmiş Aleks Danna keçib.

26-cı dövrədə İntrafuvasak Miniyə hücum edərək səkkizinci yerə yüksəlib. Növbəti dövrədə Mini daha bir mövqe itirərək Beqanoviçi də önünə buraxıb.

Bu arada stüardlar Kuş Mayninin pit-stopunu araşdırmağa başlayıblar. Səbəb mexaniklərdən birinin çıxarılan təkəri icazə verilən zonadan kənarda saxlaması olub. Qərarın yarışdan sonra veriləcəyi bildirilib.

30-cu dövrədə hələ də pit-stop etməmiş Aleks Dann liderliyi qoruyurdu və təhlükəsizlik avtomobilinin çıxmasını gözləyirdi. Arxada Tsolov Minini keçərək doqquzuncu yerə yüksəlib.

31-ci dövrənin sonunda Dann nəhayət pit-stop edib. Pit-leynə girişdə bolidini az qala itirsə də, dayanışı problemsiz tamamlayaraq 11-ci yerə qayıdıb. Bununla Noel Leon yarışın liderliyini ələ keçirib.

34-cü dövrədə İntrafuvasak birinci döngədə Dürkseni keçərək beşinci yerə yüksəlib. Bir dövrə sonra Dürksen əvvəlcə Beqanoviçə, daha sonra isə beşinci döngənin çıxışında Tsolova da uduzub.

Noel Leon finiş xəttini Kuş Maynidən cəmi 0,8 saniyə öndə keçərək mövsümdə üçüncü qələbəsini qazanıb. Bu nəticə ilə Campos Racing pilotu çempionatda  dördüncü pilləyə yüksəlib.

Kuş Mayni ikinci yeri tutaraq mövsümdə üçüncü dəfə podiuma yüksəlib. Rafael Kamaranın üçüncü yeri isə ona çempionatın lideri Nikola Tsolovla fərqi 22 xala endirməyə imkan verib. Tsolov yarışı yeddinci, şəxsi hesabda ikinci yerdə olan Qabriyele Mini isə doqquzuncu sırada başa vurub. Beləliklə, Kamara ilə Mini arasındakı fərq cəmi iki xal təşkil edir.

Yarışın ən sürətli dövrəsini Martinius Stenshorn vurub. O, ilk dövrədə aldığı zədələrə görə liderdən iki dövrə geri qalaraq 21-ci olub. Bennett və Tsolovla yaşadığı insidenti isə stüardlar yarış insidenti kimi qiymətləndiriblər.

Formula 2 mövsümünün növbəti mərhələsi 4–6 sentyabr tarixlərində Monza trasında keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et