İlk döngədə Lando Norris mövqeyini qoruyub saxlayıb, lakin Oskar Piastri Şarl Lekleri geridə qoyaraq ikinci pilləyə yüksəlib. Qısa müddət sonra McLaren pilotları arasında mübarizə başlayıb və ilk dövrə tamamlanmadan Piastri liderliyi ələ keçirib. Maks Ferstappen də Lekleri keçərək üçüncü yerə yüksəlib və McLaren duetini təqib etməyə başlayıb.
İkinci dövrədə Piastri ilə Norris arasındakı fərq 0,8 saniyəyə çatıb. Ferstappen isə Norrisdən təxminən 1,5 saniyə geridə olub.
Corc Rassell bolidində yaranan və detalları açıqlanmayan problem səbəbindən ilk dövrələrdə 20-ci yerə qədər geriləyib. Radio danışıqlarından məlum olub ki, mühərriyin dövriyyəsini idarə edən anti-stall sistemində nasazlıq yaranıb.
Üçüncü dövrədə Lyuis Həmilton Ferstappeni ötməyə cəhd etsə də, niderlandlı pilot mövqeyini qoruyub. Ferstappen bir qədər fərq açsa da, Həmilton təzyiq göstərməyə davam edib.
Dördüncü dövrədə Piastri komanda yoldaşı ilə fərqi 1 saniyəyə çatdırıb.
Altıncı dövrənin sonlarında Həmiltonun təzyiqi altında olan Ferstappen komandasına boliddə problem olduğunu və idarəetmənin çox pis hiss etdirdiyini bildirib. Bu vaxt Piastri Norrislə fərqi 1,6 saniyəyə qədər artıraraq rəqiblərindən uzaqlaşmağa başlayıb.
10-cu dövrədə Rassell artıq 12-ci yerə yüksəlib. Norris isə komandasının “Təkərlər necədir, hər şey qaydasındadır?” sualına belə cavab verib: “Tempim əslində yaxşıdır, ancaq çirkli hava hər şeyi korlayır.” Bununla o, Piastridən daha sürətli olduğunu eyham vurub.
Aleks Elbon 4-cü döngədə qısa müddətlik idarəetməni itirsə də, bolidi dərhal toparlayaraq yarışa davam edib.
11-ci dövrədə Maks Ferstappen sürətlər qutusunda problem olduğunu bildirib. Həmilton da bunu hiss edərək komandaya “Maks həqiqətən yavaşdır” deyib. Az sonra isə arxa hissədə asfaltayatmanın azaldığını qeyd edib.
14-cü dövrədə Həmilton pitə daxil olaraq Soft təkərləri Hard təkərlərlə əvəz edib və trasa Liam Lousonun arxasında, 9-cu yerdə qayıdıb. Elə həmin dövrədə 5-ci döngədə Lousonu xarici trayektoriyadan keçərək 8-ci yerə yüksəlib.
15-ci dövrədə Ferstappen də pit-stop edib və Hard təkərlərlə Həmiltonun arxasında, 8-ci yerdə yarışa qayıdıb.
Həmin dövrədə Cadillac pilotu Valtteri Bottas da oxşar problem barədə məlumat verərək kokpitdən tüstü qalxdığını bildirib. Pitə daxil olan Bottasın ön təkəri alovlanıb və marşallar ona dərhal müdaxilə ediblər.
16-cı dövrədə Ferstappen Həmiltonu dar trayektoriyadan keçərək 6-cı yerə yüksəlib. GP (Canpyero Lambiase) onu “gözəl ötmə” münasibətilə təbrik etsə də, Ferstappen əyləc sisteminin düzgün işləmədiyini və bolidin özünü normal hiss etdirmədiyini bildirib.
17-ci dövrədə Şarl Lekler də pit-stop edib və Liam Lousonun arxasında, 8-ci yerdə yarışa qayıdıb.
18-ci dövrədə McLaren pilotlarının pitə girməsi ilə Andrea Kimi Antonelli müvəqqəti liderliyə yüksəlib. Onu Ayzek Həcər izləyib.
19-cu dövrədə Piastri, Norris və Ferstappen Həcəri geridə qoyaraq bir pillə irəliləyiblər.
22-ci dövrədə Antonelli də pit-stop edib və Piastri yenidən liderliyə yüksəlib. Antonelli isə sərt təkərlərlə Rassellin önündə, 6-cı yerdə trasa qayıdıb.
25-ci dövrədə Norris komanda yoldaşını təxminən yarım saniyə fərqlə izləyib, Ferstappen isə Norrisdən 4,5 saniyə geri qalıb.
26-cı dövrədə Piastri arxa təkərlərinin yaxşı vəziyyətdə olmadığını bildirib. Beşinci yerdə gedən Lekler isə komandaya “Çox vaxt itiririk” deyə müraciət edib.
28-ci dövrədə Corc Rassell pit-stop edib və Qabriel Bortoletonun arxasında, 9-cu yerdə yarışa qayıdıb.
29-cu dövrədə Ferstappen sürətlər qutusunun işləməsinin çox çətin olduğunu bir daha bildirib. Elə həmin dövrədə Norris döngəyə girişdə trayektoriyadan çıxıb və Piastri ilə fərq təxminən 2 saniyəyə yüksəlib.
30-cu dövrədə Lekler komandaya “Strategiya baxımından fərqli nəsə sınaya bilərəm?” sualını verib. Ferrari isə “Düşünürük” cavabını verib. Həmin dövrədə Həmilton ikinci pit-stopunu edib və Rassellin önündə, 7-ci yerdə yarışa qayıdıb. Ferrari pilotunun pitə girdiyini görən McLaren Piastridən tempi artırmağı istəyib. Piastri isə təkərlərin artıq limitdə olduğunu bildirərək əlavə sürət tapa bilmədiyini deyib.
32-ci dövrədə Həmilton uzun düzlükdə Həcəri keçərək 6-cı yerə yüksəlib.
33-cü dövrədə Norris istifadə olunmuş təkərlərlə belə Piastridən daha sürətli olduğunu deyərək liderliyi istədiyini bildirib. Komanda buna mənfi cavab versə də, qısa müddət sonra Piastrini pitə çağırıb. Avstraliyalı pilot Həmiltonun önündə, 5-ci yerdə trasa qayıdıb.
34-cü dövrədə Piastrinin pit-stopundan sonra ikinci yerə yüksələn Ferstappen 3,3 saniyə fərqlə Norrisi izləməyə başlayıb.
36-cı dövrədə üçüncü yerdə gedən Lekler də pit-stop edib və Rassellin önündə, 7-ci yerə qayıdıb.
37-ci dövrədə Norris Ferstappenlə fərqi 6,5 saniyəyə çatdırıb.
38-ci dövrədə dördüncü yerdə gedən Piastri Williams pilotu Karlos Saynsı dövrəvi sürücü kimi keçərkən onunla təmas yaşayıb. Sayns yol vermək əvəzinə Piastrinin trayektoriyasını bağlayıb. Hadisə stüardlar tərəfindən araşdırılmağa başlanıb. Piastri vaxt itirib və radio vasitəsilə narazılığını bildirib.
Oliver Berman idarəetməni itirərək fırlansa da, qəzadan yayına bilib.
40-cı dövrədə lider Norris pit-stop edib və Antonellinin arxasında, 3-cü yerdə trasa qayıdıb. Bununla da Ferstappen müvəqqəti liderliyə yüksəlib.
41-ci dövrədə tempi aşağı düşən Piastriyə komandası təkərlər tam bitənə qədər limitdə sürməyi tapşırıb. Pilot isə bir daha əsəbiləşərək onunla danışılmamasını istəyib.
42-ci dövrədə Ferstappen pit-stop edib və yeni Soft təkərlərlə Leklerin önündə, 5-ci yerdə yarışa qayıdıb. Antonelli isə müvəqqəti liderliyə yüksəlib.
44-cü dövrədə Ferstappen Soft təkərlərin artıq tamamilə effektivliyini itirdiyini bildirib.
46-cı dövrədə Lando Norris Antonellini keçərək liderliyə yüksəlib. Qısa müddətdə fərqi 1,2 saniyəyə, daha sonra isə daha da artırıb. Piastri isə Saynsın insidenti səbəbindən itirdiyi vaxtı bərpa edə bilməyib və Antonellidən 5 saniyə geridə qalıb.
50-ci dövrədə Norris Antonelli ilə fərqi 4,2 saniyəyə çatdırıb. Piastri isə fərqi 4,5 saniyəyə endirib. Lekler boliddə problem olduğunu bildirərək komandadan tövsiyə istəyib.
52-ci dövrədə Serxio Peres texniki problem səbəbindən yarışı dayandırıb. Karlos Sayns isə Piastri ilə təmasa görə 5 saniyə cəza alıb.
54-cü dövrədə Antonelli pitə çağırılsa da, bu qərardan narazılığını bildirib. O, Rassellin önündə, 6-cı yerdə yarışa qayıdıb. Bununla Piastri ikinci yerə yüksəlsə də, komanda yoldaşından təxminən 12 saniyə geri qalıb.
56-cı dövrədə Oskar Piastrinin ötürmələr qutusunda problem yaranıb və o, bolidi yolun kənarında saxlayaraq yarışı tərk edib. Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq olunub. Norris fürsətdən istifadə edərək pit-stop edib və yeni Soft təkərlər götürüb. Ardınca Ferrari pilotları da pitə daxil olublar. Bir qədər sonra yarış yenidən bərpa olunub.
58-ci dövrədə Həmilton pitdən qayıdarkən Antonelli start-finiş xəttini öndə keçməsinə baxmayaraq mövqeyini itirib. Hadisə araşdırıldıqdan sonra Həmilton yerini Mercedes pilotuna qaytarıb.
60-cı dövrədə Antonellini təqib edən Həmilton döngədəki çirkli hissəyə düşərək qısa müddətlik idarəetməni itirsə də, bolidi toparlamağı bacarıb.
62-ci dövrədə arxa sıralarda maraqlı mübarizə yaşanıb. Niko Hülkenberq xal zonasına düşmək üçün bolidini limitdə idarə etsə də, 10-cu yerdə gedən Lousonu keçə bilməyib.
63-cü dövrədə Həmilton tras limitlərini aşdığı üçün araşdırılmağa başlanıb. Qısa müddət sonra britaniyalı pilot 5 saniyə cəza alıb.
67-ci dövrədə lider Norris ilə Ferstappen arasındakı fərq təxminən 13 saniyəyə çatıb. Antonelli isə Ferstappendən 5,3 saniyə geri qalıb. 5 saniyə cəzası olan Həmilton Antonelliyə 1 saniyəyə qədər yaxınlaşsa da, ötmə edə bilməyib.
Son dövrələrdə sıralama dəyişməyib və damalı bayrağı ilk görən McLaren komandasının pilotu Lando Norris olub. Maks Ferstappen yarışı ikinci, Andrea Kimi Antonelli isə üçüncü yerdə başa vuraraq podiumu tamamlayıb.




Şərh əlavə et