Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Zirvəyə qayıtmaq gözək hissdir

Macarıstan Qran Prisində qələbə qazanan Lando Norris yarışdan sonra mətbuata açıqlama verərək ilk təəssüratlarını bölüşüb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda komanda yoldaşı Piastrinin gerisinə düşüb. Buna baxmayaraq sonuncu Dünya Çempionu yarışın gedişatında yenidən liderliyə yüksələrək, inamlı qələbə qazanıb.

Startdan sonra yaşadığı çətin anlardan və sonrakı möhtəşəm geri dönüşündən danışan Lando Norris bunları deyib: “Düzünü desəm, ilk dövrədə nə baş verdiyini anlaya bilmədim. Arxa tərəfdə ilişməni davamlı itirirdim, üç-dörd dəfə çox ciddi sürüşmə yaşadım və bolidin davranışı çox pis idi. Oskar əla manevrlə məni geridə qoymağı bacardı. Düşünürəm ki, trasın çirkli hissəsinə həddindən artıq çıxmışdım və mənim üçün yarışın ilk dövrəsi elə orada bitdi. Ancaq onu səhvə məcbur etmək üçün limitləri son həddə qədər istifadə etdim. Bu gün nümayiş etdirdiyim temp, yəqin ki, karyeram boyunca göstərdiyim ən yaxşı yarış templərindən biri idi.

Bolidi idarə etmək möhtəşəm hiss etdirirdi və özümə tam güvənirdim. Stintləri uzadaraq təzə təkərlərlə üstünlük qazanmaq əvvəlcədən planlaşdırdığımız strategiya deyildi. Lakin tempimiz o qədər güclü idi ki, məhz bu strategiya bizə qələbə qazandırdı. Yenidən 1 nömrədə olmaq möhtəşəm hissdir”.

Mövsümün qalan hissəsində də bu formanı qoruyub-qoruya bilməyəcəyi ilə bağlı suala cavab verən Norris nikbin danışıb: “Buna inanmaq istəyirəm. Bu gün özümü nə qədər yaxşı hiss etdiyimi nəzərə alsaq, bu seriyanı davam etdirə biləcəyimizə inanıram. Əlbəttə, bizi daha çox çətinlik gözləyən və ya bundan da güclü olacağımız yarışlar olacaq. Bilirik ki, Macarıstan həm bizə, həm də mənim sürücülük üslubuma ən uyğun traslardan biridir. Buna baxmayaraq, qələbə qazanmağa davam edəcəyimizə qətiyyən şübhəm yoxdur. Bu qələbənin gələcəyini hiss edirdim. Komanda yenidən qalib gələ biləcək bolid hazırlamaq üçün inanılmaz zəhmət çəkdi. Bu qələbə ilə onların üzünü güldürmək çox xoşdur”.

Rauf Hacıyev

Şərh əlavə et