Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Podiumu gözləmirdim

Macarıstan Qran Prisini ikinci pillədə başa vuran Maks Ferstappen yarışdan sonra mətbuata açıqlama verib.

Hungarorinqdə çətin keçən yarışda güclü performans nümayiş etdirərək ikinci yeri tutan niderlandlı sürücü, damalı bayraqdan sonra gözləmədiyi, lakin məmnun qaldığı nəticə əldə etdiklərini bildirib.

Xüsusilə pit-stoplardan sonra 1-ci döngəyə əyləcləmə zamanı Lyuis Həmiltonu geridə qoyaraq podium uğrunda mübarizədə üstünlük qazanan Red Bull komandasının pilotu yarışdan sonra strategiya və təkərlərin idarə edilməsinin həlledici rol oynadığını vurğulayıb.

Yarış boyu limitlərdə sürdüyünü deyən Maks Ferstappen podium mübarizəsini və Həmiltonu keçdiyi anı belə dəyərləndirib: “Düzünü desəm, bu gün podiuma çıxacağımı gözləmirdim. Amma bunun üçün komanda olaraq çox ciddi işlədik. Startı və ilk iki döngəni problemsiz keçmək bizim üçün çox vacib idi. İlk pit-stopdan sonra 1-ci döngəyə gec əyləcləmə ilə daxil olub Lyuisi geridə qoymağı bacardım. Bundan sonra əsas məqsədimiz təkərləri qorumaq, yarışı problemsiz başa vurmaq və strategiya baxımından düzgün qərarlar vermək idi. Buradakı şəraiti nəzərə alsaq, ikinci yeri tutduğumuz üçün son dərəcə xoşbəxtəm”.

Yeddiqat dünya çempionu Lyuis Həmiltonu necə keçdiyi ilə bağlı suala cavab verən niderlandlı pilot bunları əlavə edib: “Fürsəti gördüm. Düzünü desəm, yeganə şansım o idi və mən də bundan istifadə etdim. Bolidimizin əyləc performansı çox yaxşıdır. Bu da həmin manevrdə mənə kömək etdi. Lakin hər şey tam nəzarətim altında idi”.

Rauf Hacıyev

Şərh əlavə et