Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F3: Sleyter qazanaraq liderliyə yüksəlib

Audi-nin gənc pilot proqramının üzvü Freddi Sleyter Macarıstanda Formula 3-ün əsas yarışının qalibi olub. Trident komandasının pilotu mövsümdə ilk qələbəsini qazanaraq çempionatın liderliyini ələ keçirib. Yarışı ikinci yerdə Uqo Uqoçukvu, üçüncü yerdə isə Brando Badoer başa vurub.

Bazar günü səhər Hunqarorinq iştirakçıları buludlu, lakin quru hava şəraiti ilə qarşılayıb. Havanın temperaturu +23°C, asfaltın temperaturu isə +26°C olub.

Pouldan start alan Tuukka Taponen liderliyini qoruyub. Freddi Sleyter ikinci yerdə qalıb, Brando Badoer isə Nikola Lakorte və Mattia Kolnaqini geridə qoyaraq üçüncü pilləyə yüksəlib. Lakin ilk dövrənin gedişində Kolnaqi mövqeyini geri qaytarıb. Uqo Uqoçukvu beşinci, Teofil Nael isə altıncı yerə yüksəlib.

13-cü döngədə Jerar Si ilə Matsey Qladışın toqquşması təhlükəsizlik avtomobilinin trasa çıxmasına səbəb olub. Hadisəyə Cin Nakamura da qarışıb. Onun bolidi zədələnsə də, pilot öz gücü ilə boksa qayıda bilib.

İkinci dövrənin sonunda Taponen sağ arxa təkərində yaranan yavaş deşilmə səbəbindən boksa daxil olub. Təkər ilk dövrədə Sleyterlə təmas zamanı zədələnmişdi. Təhlükəsizlik avtomobili də pelotonu pit-leyn vasitəsilə apardığından, finlandiyalı pilot pit-stopdan sonra altıncı yerdə – Naelin arxasında yarışa qayıdıb.

Yarış 24 dövrədən ibarət olub və mübarizə altıncı dövrədə yenidən başlayıb. Liderlər problemi olmadan restart etsələr də, AIX Racing komandasının pilotu Salim Hannanın bolidi 13-cü döngə yaxınlığında dayanıb və virtual təhlükəsizlik avtomobili (VSC) rejimi tətbiq edilib.

Marşallar bolidi qısa müddətdə təhlükəsiz yerə çıxardıqları üçün yarış yeddinci dövrənin sonunda bərpa olunub. Ernesto Rivera Nikola Lakorteyə ciddi təzyiq göstərsə də, Hunqarorinqdə ötmənin çətinliyi öz sözünü deyib.

Onuncu dövrədə Uqo Uqoçukvu ikinci döngədə əla hücum edərək əvvəlcə döngənin girişində Badoeri, sonra isə çıxışında Kolnaqini keçərək ikinci yerə yüksəlib. Ardınca Badoer də Kolnaqini geridə qoyaraq üçüncü pilləni ələ keçirib.

12-ci dövrənin sonunda Kanato Li 12-ci döngədə trasdan çıxaraq dayandığı üçün əvvəlcə sarı bayraqlar göstərilib, sonra isə VSC rejimi elan olunub. Yarış 14-cü dövrədə yenidən yaşıl bayraq altında davam edib.

Nikola Lakorte dördüncü döngədə səhvə yol verərək trasdan çıxıb və Ernesto Riveraya yeddinci yeri uduzub.

15-ci dövrədə Evan Devid birinci döngədə Fernando Barrikelloya hücum etsə də, manevr uğursuz alınıb və komanda yoldaşına çırpılıb. Nəticədə Barrikellonun sağ arxa asılqanı qırılıb. Təhlükəsizlik avtomobili ikinci dəfə trasa çıxıb, Devid isə bu insidentə görə 10 saniyəlik cərimə alıb.

Yarış 18-ci dövrədə yenidən start götürüb. Taponen birinci döngədə Naeli keçməyə cəhd etsə də, fransalı pilot onu trasın kənarına sıxışdırıb və finlandiyalı altıncı yerdə qalıb.

21-ci dövrədə Taponen ikinci döngədə yenidən hücum edib, lakin Nael onu bir daha trasdan kənara çıxmağa məcbur edib. Son dövrədə də eyni hadisə təkrarlanıb. Taponen radio vasitəsilə bu hərəkətə görə rəqibinin cəzalandırılmalı olduğunu bildirib.

Son dövrələrdə Uqo Uqoçukvu Sleyterə ciddi təzyiq göstərsə də, Trident pilotu səhvə yol verməyərək Formula 3-də ilk qələbəsini qazanıb və 129 xalla çempionatın vahid liderə çevrilib.

Uqo Uqoçukvu ikinci yeri tutub və indi liderdən 7 xal geri qalır. Brando Badoer isə üçüncü yeri tutaraq mövsümdə dördüncü dəfə podiuma yüksəlib.

Yarışın ən sürətli dövrəsini 21-ci yerdə finiş görən Matteo de Palo vurub.

Formula 3 mövsümünün növbəti mərhələsi 4–6 sentyabr tarixlərində Monza trasında keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et