Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Rassellin güc qurğusunu dəyişib

Mercedes komandası Macarıstan Qran Prisinin sıralanma turundan sonra Corc Rassellin bolidində yaranan problemi araşdırdıqdan sonra onun güc qurğusunu dəyişmək qərarına gəlib.

Dəyişiklik qərarı soyutma mayesinin sızması səbəbindən verilib. Komanda problemi aradan qaldırmaq üçün bolidə yeni güc qurğusu quraşdırıb.

Bu dəyişiklik mövsüm ərzində icazə verilən limit çərçivəsində həyata keçirildiyi üçün Corc Rassell start cəriməsi almayacaq.

Xatırladaq ki, britaniyalı sürücü sıralanma turundan sonra bolidini kənara çəkərək, saxlamışdı. 27 yaşlı pilot sıralanma turundan sonra müsahibəsində belə demişdi: “Sıralanma turunun sonunda su təzyiqini itirdik və soyutma sistemində su sızması baş verdi.

Bolidi saxladığım anda avtomobildən kifayət qədər çox su axırdı. Sızmanın dəqiq haradan qaynaqlandığını hələ bilmirik.

Ümid edirəm ki, bu problem sabahkı yarışımıza mənfi təsir göstərməyəcək”.

Sıralanma turundakı temp çatışmazlığını dəyərləndirən təcrübəli pilot bildirib ki, komanda əsas diqqəti yarış tempinə yönəldib və sazlanmaları da buna uyğun seçib: “Cümə günü yəqin ki, daha geridə idik, lakin yarış tempinə görə ən güclü komandalar arasında yer alırdıq.

Bu da göstərir ki, problem daha çox boliddən yox, təkərlərlə bağlı idi.

Sıralanma və yarış sazlanmaları arasında düzgün balansı qurub-qurmadığımızı sabah görəcəyik. Bolidi sıralanma turu üçün daha sürətli etmək naminə yarış tempindən güzəştə gedə biləcəyimizi bilirdik. Amma biz yarış sazlamalarına üstünlük verməyi seçdik.

Düzgün qərar verib-vermədiyimizi sabah görəcəyik. Hunqarorinqdə ötmə etmək çox çətindir. Buna görə də sıralanmada daha ön sıralarda yer almaq, əlbəttə ki, daha yaxşı olardı”.

Qeyd edək ki, Corc Rassell Macarıstan Qran Prisinin sıralanma turunda yeddinci yeri tutsa da, Kimi Antonellinin cəza alması ilə 6-cı yerə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et