Şirkətin hesablamalarına görə, bir və iki pit-stoplu strategiyalar ümumi yarış vaxtı baxımından demək olar ki, eyni nəticəni verir. Buna görə də komandaların seçimi əsasən yarışın gedişatından, tıxacdan və əllərində qalan yeni təkər dəstlərindən asılı olacaq.
Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Apardığımız simulyasiyalar göstərir ki, Macarıstan Qran Prisində bir və iki pit-stoplu strategiyalar arasında ümumi yarış vaxtı baxımından demək olar ki, heç bir fərq yoxdur. Gözlədiyimizdən yüksək olan təkər aşınması bu iki variantı faktiki olaraq bərabərləşdirib. Bu da komandalara əllərində qalan yeni təkər dəstlərinin sayından asılı olaraq müxtəlif strategiyaları nəzərdən keçirmək imkanı yaradır.
Yarışa başlamaq üçün ən uyğun seçim Medium tərkibli təkərlərdir. Bir pit-stoplu strategiyanı seçənlər 26–32-ci dövrələr arasında Hard təkərlərinə keçə bilərlər.
İki pit-stop strategiyası üçün isə – nəzərə alsaq ki, yalnız iki komandanın əlində iki yeni Medium dəsti qalıb – ən real variant Medium – Hard – Hard olacaq. Bu halda pit-stopların 16–22-ci və 40–46-cı dövrələr arasında edilməsi gözlənilir.
Strategiya seçimində tıxac və ötmənin çətinliyi əsas rol oynayacaq. Məhz buna görə də bəzi komandalar bir pit-stoplu variantı üstün tuta bilərlər.
Soft tərkibli təkərlərin istifadəsini də istisna etmirik. Bu təkərlər yaxşı ilişmə və kifayət qədər aşağı aşınma nümayiş etdirib. Soft – Hard – Medium və Medium – Hard – Soft kombinasiyaları əsas strategiyalardan təxminən 10 saniyə daha yavaşdır.
Rəqibləri üzərində kifayət qədər üstünlük yaradan pilotlar mövqelərini itirmədən əlavə pit-stop edə bilərlər. Digərləri isə rəqiblərini keçmək üçün “undercut” taktikasından istifadə etməyə çalışacaqlar. Hazırkı vəziyyət kifayət qədər açıqdır və eyni komandanın iki pilotunun belə fərqli strategiyalar seçməsi təəccüblü olmayacaq”.




Şərh əlavə et