Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Külək işimizi çətinləşdirdi

Macarıstan Qran Prisinin sıralanma turunda üçüncü yeri tutan Şarl Lekler sessiya ərzində küləyin istiqamətinin dəyişməsinin bolidin balansına ciddi təsir etdiyini və buna uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib.

Monakolu sürücü səhər məşqindən etibarən özünü boliddə rahat hiss etmədiyini, tras şəraitindəki dəyişikliklərin istədiyi tempi göstərməsinə mane olduğunu deyib.

Şarl Lekler yaşadığı çətinlikləri belə izah edib: “Trasda küləyin istiqaməti nəzərəçarpacaq dərəcədə dəyişdi. Açığı, bolidin sazlanması baxımından bunu düzgün proqnozlaşdıra bilmədik və yaxşı iş çıxarmadıq.

Səhər məşqindən etibarən istədiyim performansı göstərə bilmirdim. Buna görə də sıralanma turu mənim üçün kifayət qədər çətin keçdi.

Q2-də sarı bayraqlara görə də bəxtimiz gətirmədi. Bundan sonra isə vəziyyəti düzəltməyə çalışırdıq”.

Komanda yoldaşı Lyuis Həmiltondan geri qalmasını da dəyərləndirən Lekler bunun həftəsonu ərzindəki ümumi temp fərqindən qaynaqlandığını bildirib: “Bütün həftəsonu ərzində temp baxımından heç vaxt Lyuisin səviyyəsinə çata bilmədim.

Bu gün əsas məqsəd vəziyyətdən maksimum nəticə çıxarmaq idi və düşünürəm ki, müəyyən mənada buna nail olduq”.

Rauf Hacıyev

Şərh əlavə et