Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F2: Mini sprint yarışının qalibi olub

Formula 2 üzrə Macarıstan mərhələsinin sprint yarışında MP Motorsport komandasının pilotu Qabriyele Mini qələbə qazanıb. Podiumu onunla birlikdə Dino Beqanoviç və Lorens van Hupen tamamlayıblar.

Yarışın startı zamanı Hunqarorinqdə havanın temperaturu +26°C, asfaltın temperaturu isə +53°C olub.

Startda Sebastyan Montoya liderliyini qoruyub. Qabriyele Mini ikinci yerdə qalıb, Nikolas Tsolov isə Dino Beqanoviçi geridə qoyaraq üçüncü pilləyə yüksəlib. Doqquzuncu yerdən start alan Rafael Kamara isə ilk dövrədə üç mövqe qazanıb.

İlk dövrələrdən sonra peloton tədricən aralanmağa başlayıb. Sürücülər risk etməyərək əsasən rəqiblərinin səhvini gözləyiblər.

20 dövrəlik yarışın 10-cu dövrəsinə yaxın Mini lider Montoyaya ciddi təzyiq göstərməyə başlasa da, hücum üçün kifayət qədər yaxınlaşa bilməyib.

Peloton boyunca uzun müddət ciddi mübarizə yaşanmayıb. Yalnız 15-ci dövrədə Kin Şilds ilk döngədə Emma Fitipaldini geridə qoyaraq yarışın ilk ötməsini reallaşdırıb.

17-ci dövrədə Mini hücuma keçərək ilk döngənin çıxışında Montoyanı ötüb və yarışın liderliyini ələ keçirib. İki dövrə sonra Kuş Mayni də ilk döngədə Tasanapol İntrafuvasakı geridə qoyaraq yeddinci yerə yüksəlib.

21-ci dövrədə isə yarışın əsas hadisəsi baş verib. Nikolas Tsolov ilk döngənin daxili trayektoriyasından Sebastyan Montoyaya hücum edib. Tərəflər təmas yaşayıb və hər iki bolidin ön asılqanı qırılıb. Montoya trasda qalıb, Tsolov isə zədələnmiş bolidlə boksa qayıtmağa çalışıb.

Bu insidentdən sonra Dino Beqanoviç ikinci, Lorens van Hupen üçüncü, Rafael Kamara isə dördüncü yerə yüksəlib.

Trasda virtual təhlükəsizlik avtomobili (VSC) rejimi tətbiq olunub. Bundan istifadə edən Boya, Roman Bilinski, Aleks Dann və Emma Fitipaldi pit-stop edərək təzə təkərlərə keçiblər.

25-ci dövrədə Noel Leon ilk döngədə Coşua Dürkseni ötərək yeddinci yerə yüksəlib. Lakin stüardlar onun VSC rejimi zamanı qayda pozduğunu müəyyən edərək sürücüyə 5 saniyəlik cəza veriblər.

Qabriyele Mini yarışı inamla idarə edərək mövsümdə ikinci qələbəsini qazanıb. Dino Beqanoviç mövsümdəki ən yaxşı nəticəsini təkrarlayaraq ikinci olub. Lorens van Hupen isə üçüncü yeri tutaraq bu mövsüm üçüncü dəfə podiuma yüksəlib. Yarışın ən sürətli dövrəsini Roman Bilinski vurub.

Mini çempionatdakı əsas rəqibi olan lider Nikolas Tsolovla fərqi 16 xala endirib. Dördüncü yeri tutan Rafael Kamara isə hazırda çempionatın liderindən 31 xal geri qalır.

Rauf Hacıyev

Şərh əlavə et