Sessiyaya start verildikdən sonra bir saatlıq geri sayım başlayıb.
Yaşıl işıq yanandan sonra pilotların əksəriyyəti bolid sazlamaları üzərində işləmək üçün qarajda qalıb. Trasda yalnız Fernando Alonso, Liam Louson, Serxio Peres, Ləns Stroll və Valtteri Bottas olduğu vaxt Niko Hülkenberq ilk pilləyə yüksəlib.
Təxminən 15 dəqiqə sonra favorit pilotlar da trasa çıxmağa başlayıblar. Lando Norris 1:19.062 nəticə ilə liderliyə yüksəlib. Ayzek Hacar 1:19.358 nəticə ilə ikinci, Oskar Piastri isə 1:19.918 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
Sessiyanın 20-ci dəqiqəsində Serxio Peres bolidində problem yaşayaraq trasda dayanmağa məcbur olub. Məlumata görə, güc qurğusunda nasazlıq yaranıb, eyni zamanda əyləclər tamamilə bloklanıb. Təhlükəsizlik əməkdaşları bolidə yanğınsöndürənlərlə müdaxilə ediblər və bundan sonra sessiya qırmızı bayraqla dayandırılıb.
Təxminən beş dəqiqə sonra Peresin bolidi trasdan çıxarılıb və yaşıl bayraq göstərildikdən sonra sessiya bərpa olunub.
Maks Ferstappen 1:19.564 nəticə ilə üçüncü yerə yüksəlib. Ferrari pilotu Şarl Lekler 1:19.387 nəticə ilə ikinci pilləyə çıxıb. Onun komanda yoldaşı Lyuis Həmilton isə 1:19.053 nəticə göstərərək liderliyi ələ keçirib.
Sürətli dövrələrinə başlayan McLaren pilotları da nəticələrini yaxşılaşdırıblar. Norris 1:19.062 nəticə ilə Həmiltondan cüzi geri qalıb. Piastri 1:19.236 ilə üçüncü yerə yüksəlib. Lakin az sonra Ayzek Hacar 1:19.085 nəticə göstərərək Piastrini geridə qoyub və üçüncü pillənin sahibi olub.
Növbəti dövrələrdə sessiyanın tempi xeyli artıb və liderlik bir neçə dəfə əl dəyişdirib.
Bir neçə dövrə sonra Şarl Lekler tempi yüksəldərək 1:18.668 nəticə ilə yenidən zirvəyə qalxıb. Andrea Kimi Antonelli isə ondan cəmi 0.144 saniyə geri qalaraq ikinci yerə yüksəlib.
Sessiyanın son 15 dəqiqəsinə daxil olarkən Antonelli səhvsiz 1:18.254 nəticə göstərərək Lekleri geridə qoyub və liderliyə yüksəlib. Piastri də nəticəsini yaxşılaşdıraraq 1:18.464 ilə ikinci pilləyə çıxıb.
Az sonra Norris 1:18.206 nəticə ilə komanda yoldaşını və Antonellini geridə qoyaraq yenidən birinci yerə yüksəlib. Ferstappen 1:18.656 nəticə göstərsə də, ön sıralara yüksələ bilməyib. Fernando Alonso isə yenilənmiş AMR26 bolidi ilə 1:20.393 nəticə göstərərək 11-ci pilləyə qalxıb.
Sessiyanın bitməsinə təxminən 10 dəqiqə qalmış Lekler yeni Soft təkərlərlə sürətli dövrəsinə başlayıb. Orta sektorda vaxt itirdiyi üçün 1:19.291 nəticə ilə kifayətlənib. Ardınca dövrəsini tamamlayan Həmilton isə 1:18.056 nəticə göstərərək yenidən liderliyi ələ keçirib.
Sessiyanın son hissəsində temp daha da yüksəlib. Lando Norris qüsursuz dövrə vuraraq 1:17.939 nəticə göstərib və Həmiltonu geridə qoyaraq liderliyə yüksəlib.
Çempionatın lideri Andrea Kimi Antonelli son sektordakı döngələrdə bir qədər vaxt itirib və 1:18.068 nəticə ilə üçüncü yerə yüksəlib. Şarl Lekler isə son cəhdində nəticəsini yaxşılaşdıra bilməyib.
Son dövrələrdə heç bir pilot vaxtını yaxşılaşdıra bilməyib. Beləliklə, McLaren pilotu Lando Norris son sərbəst yürüş sessiyasını birinci pillədə başa vurub. Lyuis Həmilton ikinci, Andrea Kimi Antonelli isə üçüncü olub. Bununla da ilk üçlükdə üç fərqli komandanın pilotu yer alıb.




Şərh əlavə et