Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F3: Sprintin qalibi Naeldir

Campos Racing komandasının pilotu Teofil Nael Formula 3-ün Macarıstandakı sprint yarışının qalibi olub. Onunla birlikdə podiuma ART komandasından Kanato Li və Naelin komanda yoldaşı Ernesto Rivera yüksəliblər.

Şənbə səhəri gənclər çempionatının iştirakçılarını günəşli hava qarşılayıb. Yarışın startında hava temperaturu +21°C, asfalt isə +39°C-yə qədər qızmışdı.

Poul sahibi Kanato Li birinci döngəyə aparan düzənlikdə liderliyi Jerar Si-yə verib, lakin DAMS pilotu liderliyi qoruya bilməyərək üçüncü yerə düşüb. Li yenidən pelotona başçılıq etməyə başlayıb, Teofil Nael isə ikinci yerə yüksəlib.

İkinci döngənin əyləc zonasında Cin Nakamura arxadan Sinin bolidinə çırpılıb. Nakamuranın maşınının ön təkərləri havaya qalxıb və bundan sonra o, Maşey Qladışa dəyib. Nakamura və Qladış üçün yarış bununla başa çatıb, Si isə sağ arxa təkərini dəyişdirmək üçün boksa daxil olub. Trasa təhlükəsizlik avtomobili (Safety Car) çıxıb.

Restart yarışın dördüncü dövrəsində verilib. Liderlər cütlüyü üçün ilk döngələr sakit keçib, üçüncü yer uğrunda mübarizədə isə Mattia Kolnyagi Ernesto Riveranı ötməyə çalışsa da, real hücuma qədər iş gəlib çatmayıb.

Altıncı dövrədə Uqo Uquçuku altıncı yer uğrunda mübarizədə Nikola Lakortenə fəal hücum edib və ikinci döngənin daxilində bolidlər arasında yüngül təmas baş verib. Hər ikisi zədə almadan yola davam ediblər. Yeddinci dövrənin əvvəlində çempionarın lideri Macarıstan trası üçün klassik nöqtədə – birinci döngənin əyləc zonasında hücum edib və bu dəfə manevr uğurla nəticələnib.

Səkkizinci dövrədə Uquçuku yenə həmin manevrlə birinci döngədə Brando Badoeri ötərək beşinci yerə yüksəlib.

Doqquzuncu dövrənin birinci döngəsində Teofil Nael liderlik uğrunda mübarizədə Kanato Liyə hücum edərək irəli çıxıb.

On ikinci dövrədə Uqo Uquçuku birinci dövrədə Tuukka Taponenlə mübarizədə trasın hüdudlarından kənara çıxdığına və bundan üstünlük əldə etdiyinə görə 5 saniyəlik cəza alıb.

On altıncı dövrədə Badoer birinci döngədə Uquçukunu ötüb; ardınca Lakorte də Uqonun bolidini ötməyə çalışıb, lakin Campos Racing pilotunun maşınının sağ arxa təkərinə zərbə endirib. Uquçuku trasda qala bilib, Lakorte isə Taponeni buraxaraq səkkizinci yerə enib.

Növbəti dövrədə Tuukka altıncı yer uğrunda mübarizədə Uquçukunu ötüb. On səkkizinci dövrədə Uquçuku Ceyms Vortonu buraxaraq daha bir mövqe itirib. Yarışın sonuna yaxın Uqo Formula 1-in keçmiş pilotu Rubens Barrikellonun oğlu Fernando Barrikellonu da buraxaraq onuncu yerə düşüb.

Teofil Nael inamlı sürüşlə mövsümdə ikinci dəfə qalib gəlib. Kanato Linin tutduğu ikinci yer onun Formula 3 karyerasının ən yaxşı nəticəsi və ilk podiumu olub. Ernesto Rivera isə ardıcıl ikinci həftəsonudur ki, podiuma yüksəlir.

Altıncı yeri tutan Tuukka Taponen ən sürətli dövrəyə görə əlavə xal qazanıb. Uqo Uquçuku yarışı onuncu yerdə bitirsə də, tətbiq olunan cəzaya görə on yeddinci pilləyə yuvarlanıb. Onuncu yerə yüksələn Freddi Sleyter çempionatdakı xallara görə Uquçuku ilə bərabərləşib – indi onların hərəsinin 104 xalı var. Fernando Barrikellonun tutduğu doqquzuncu yer isə AIX Racing pilotuna Formula 3-də karyerasındakı ilk xallarını qazandırmağa imkan verib.

Rauf Hacıyev

Şərh əlavə et