Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Macarıstanda iki pit-stop strategiyası daha sərfəli ola bilər

Pirelli-nin baş mühəndisi Simone Berra Macarıstanda keçirilən cümə məşqlərinin yekunlarını dəyərləndirib və bildirib ki, bazar günü keçiriləcək yarışda iki pit-stop strategiyası bir dayanacaqlı taktikadan daha effektiv ola bilər.

Simone Berra: “Daha aydın mənzərəni bu gün görəcəyik. Komandalar cümə günü topladıqları məlumatları təhlil etdikdən sonra işlərini davam etdirəcəklər. İlk iki məşqin nəticələrinə əsasən, bazar günü üçün optimal pit-stop sayını hələ dəqiq müəyyən etmək mümkün deyil.

Altı komanda iki dəst Hard təkərini saxlayıb, qalanları isə artıq ən azı bir dəstdən istifadə edib. Bu da göstərir ki, Macarıstan Qran Prisində ən yaxşı strategiya ilə bağlı hələ vahid fikir formalaşmayıb.

İkinci məşqdə, sürücülərin daha yüksək tempdə işlədiyi zaman müşahidə etdiyimiz aşınma səviyyəsinə əsasən, iki pit-stoplu strategiya bir dayanacaqlı variantdan daha sürətli görünür. Lakin unutmaq olmaz ki, Hunqarorinqdə ötmə etmək çox çətindir. Buna görə də trasdakı mövqe həlledici amillərdən biri olaraq qalır.

Gün ərzində asfaltla ilişmə səviyyəsi nisbətən aşağı oldu. Soft tərkibli təkərlər özlərini ən yaxşı tərəfdən göstərdi. Onlar ilk dövrələrdən etibarən daha yüksək mexaniki ilişmə təmin edərək bolidlərin potensialını tam üzə çıxarmağa imkan verdi. Medium tərkibli təkərlərdə isə ön sol təkərdə qranullaşma müşahidə olundu.

Ümumilikdə, Hunqarorinqdə əsas məsələ arxa təkərləri qorumaqla yanaşı, ön təkərlərin qaçılmaz aşınmasını da nəzarətdə saxlamaqdır. Həftəsonu ərzində trasın vəziyyəti yaxşılaşdıqca bu amilin təsiri də azalmalıdır”.

Rauf Hacıyev

Şərh əlavə et