İspaniyalı pilot bildirib ki, bolidə gətirilən yeni detallar həm rəqəmsal göstəricilər, həm də simulyasiya ilə real tras məlumatlarının uyğunluğu baxımından komandanın gözləntilərini doğruldub. Onun sözlərinə görə, bu nəticə həm mövsümün qalan hissəsi, həm də 2027-ci il bolidinin hazırlanması üçün komandaya böyük motivasiya verib.
Alonso ilk sərbəst yürüş zamanı əsas düzlükdə müşahidə olunan vibrasiya probleminə də toxunub: “Bu gün, xüsusilə də ilk sərbəst yürüşdə düzlüklərdə müəyyən titrəmə problemi yaşadıq. Amma komandamız ikinci sessiyaya qədər bu problemi aradan qaldırmağı bacardı. Buna görə də bu gün üçün heç bir narahatlığımız yoxdur”.
İkiqat dünya çempionu əldə olunan nəticələrin daha ətraflı təhlil ediləcəyini bildirsə də, bolidin döngələrdə artıq orta qrupun ön sıralarında yer alan komandalarla rəqabət apara bildiyini vurğulayıb: “Məlumatları daha ətraflı təhlil etməli və müqayisələr aparmalıyıq. Lakin hesab edirəm ki, artıq döngələrdə orta qrupun liderləri ilə aramızda böyük fərq qalmayıb. Təxminən gözlədiyimiz nəticələri əldə etmişik. İlk məqsədimiz orta qrupda liderlik uğrunda mübarizə aparmaq idi və döngələrdə artıq həmin tempə çatmışıq. Əlbəttə, həm şassi, həm də güc qurğusu baxımından hələ atmalı olduğumuz çox addım var. Geridən başladığımız üçün qət etməli olduğumuz uzun yol var. Ancaq əvvəllər də dediyim kimi, bu yenilənmə paketi yalnız ilk addımdır. Gözləntilərimizin tras üzərində tam doğrulduğunu görmək komanda daxilində çox müsbət ab-hava yaradıb”.




Şərh əlavə et