Xəbəri Kokpitdə Oxuyun!

K.Mayni Macarıstanda F2 sıralanma turunun qalibi olub

ART Grand Prix komandasının pilotu Kuş Mayni Macarıstanda keçirilən Formula 2 sıralanma turunda ən sürətli nəticəni göstərərək mövsümdə ikinci poulunu qazanıb. Bazar günü keçiriləcək əsas yarışda onunla birlikdə ön cərgədən Rafael Kamara start alacaq.

30 dəqiqəlik sıralanma sessiyası başlayan kimi pilotların əksəriyyəti trasa çıxsa da, bəziləri ilk cəhd üçün tələsməyib. İki isinmə dövrəsindən sonra ilk sürətli cəhdlər başlayıb.

İlk orientiri Lorens van Hupen 1:30.846 nəticəsi ilə müəyyənləşdirib, lakin Trident pilotunun liderliyi cəmi bir neçə saniyə davam edib.

İlk cəhdlərin yekununda çempionatın lideri Nikola Tsolov 1:29.601 nəticə ilə ilk pilləyə yüksəlib. Qabriele Mini ondan cəmi 0.1 saniyə geri qalıb, Martinius Stenshorn isə Miniyə cəmi 0.003 saniyə uduzaraq üçüncü olub. Rafael Kamara isə sürətli dövrəsində tras limitlərini aşdığı üçün nəticə göstərə bilmədən boksa qayıdıb.

İlk cəhdə gec çıxan pilotlar arasında Noel LeonKuş Mayni də olub. Onlar Tsolovun nəticəsini üstələyərək ilk iki pilləni tutsalar da, bir neçə dəqiqə sonra trasa qayıdan Rafael Kamara bu dəfə səhvə yol verməyərək 1:29.380 nəticə ilə liderliyə yüksəlib.

Təkərlərini bir dövrə ərzində soyudan braziliyalı pilot növbəti cəhdində nəticəsini daha da yaxşılaşdıraraq 1:29.323 ilə yeni orientir müəyyənləşdirib.

Sessiyanın bitməsinə 10 dəqiqə qalmış digər pilotlar da son cəhdlər üçün trasa qayıdıblar. Nikola Tsolov Kamaranın vaxtını üstələsə də, Coşua DürksenKuş Mayni daha sürətli olublar. Mayni 1:28.896 nəticə ilə liderliyə yüksəlib. Tasanapol İntrafuvasak üçüncü nəticəni göstərərək Tsolovu dördüncü pilləyə sıxışdırıb.

Lakin mübarizə bununla yekunlaşmayıb. İlk üçlük və Tsolov istisna olmaqla digər pilotların təzə təkərlərlə daha bir sürətli dövrə vurmağa vaxtı qalıb. Lorens van Hupen dördüncü yerə yüksəlib, Dino Beqanoviç isə altıncı nəticəni göstərib.

Noel Leon daha da sürətli dövrə vuraraq ikinci yerə yüksəlsə də, Rafael Kamara onu geridə qoymağı bacarıb. Buna baxmayaraq, braziliyalı pilotun nəticəsi Mayninin poulunu əlindən almaq üçün kifayət etməyib və o, liderdən cəmi  0.1 saniyə geri qalıb.

Beləliklə, Kuş Mayni mövsümdə ikinci poulunu qazanıb. Çempionatın lideri Nikola Tsolov isə sıralanma turunu yeddinci pillədə başa vurub.

Şənbə günü keçiriləcək sprint yarışında ilk 10 pilot üçün əks start düzülüşü tətbiq olunacaq. Bu səbəbdən sprintə Sebastyan Montoya poul mövqeyindən başlayacaq. Onun yanında isə ilk cərgədə Qabriele Mini yer alacaq.

Rauf Hacıyev

Şərh əlavə et