Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan GP: İkinci sessiyada Həmilton birinci, Ferrari 1-2

2026-cı il Macarıstan Qran-prisi həftəsonunun ikinci sərbəst yürüş sessiyasını Ferrari pilotu Lyuis Həmilton birinci pillədə başa vurub.

Pilotlar pit yolunda düzüləndən sonra yaşıl işıq yanıb və ikinci məşq sessiyası başlayıb.

İlk dəqiqələrdə sürətli dövrəsinə başlayan Şarl Lekler 1:20.103 nəticə ilə liderliyə yüksəlib. Lakin komanda yoldaşı Həmiltonun cavabı gecikməyib. Britaniyalı pilot 1:19.648 nəticə göstərərək Lekleri geridə qoyub və ilkin tempi müəyyənləşdirib.

Sessiyanın ilk 10 dəqiqəsi geridə qalarkən Red Bull pilotları da sürətli dövrələrini tamamlayıblar. Maks Ferstappen üçüncü, Ayzek Hacar isə dördüncü pilləyə yüksəlib.

Andrea Kimi Antonelli radio vasitəsilə boliddə problem olduğunu bildirib. Mercedes komandası aerodinamik sazlamalar aparmaq üçün gənc pilotu qaraja çağırıb.

Ayzek Hacar birinci döngədə təkərləri bloklayaraq qısa müddətlik trasdan çıxsa da, bolid zədələnməyib və o, sessiyanı davam etdirib.

Həmilton növbəti sürətli dövrəsində 1:19.585 nəticə göstərərək liderliyini daha da möhkəmləndirib.

Aleks Elbon beşinci döngədə kerblərin üzərindən keçərkən bolid havaya qalxıb və trasdan çıxıb. Hadisə nəticəsində ciddi zədə qeydə alınmayıb və Elbon pitə qayıdıb.

Sessiyanın ilk 20 dəqiqəsi tamamlandıqdan sonra pilotların əksəriyyəti sazlamalar və məlumatların təhlili üçün boksa dönüblər.

Sessiya ərzində asfaltla ilişmə və təkərlərin bloklanması problemləri yaşayan Antonelli 1:20.693 nəticə ilə komanda yoldaşı Corc Rassellin arxasında beşinci pillədə qərarlaşıb.

Pitdən yumşaq təkərlərlə qayıdan Lando Norris 1:19.228 nəticə göstərərək liderliyə yüksəlib. Qısa müddət sonra Ferstappen ondan cəmi 0.193 saniyə geri qalaraq ikinci yerə çıxıb.

Ferstappen radio vasitəsilə oturacağında narahatlıq hiss etdiyini və belində ağrı olduğunu komandaya çatdırıb.

Sessiyanın yarısına yaxın Franko Kolapinto 14-cü döngədə bolidinə nəzarəti itirərək yerində fırlanıb və baryerlərə çırpılıb. Qəza nəticəsində bolidin arxa hissəsi ciddi zədələndiyi üçün qırmızı bayraq göstərilib.

Kolapintonun bolidi trasdan çıxarıldıqdan sonra sessiya yenidən bərpa olunub.

Ferstappen daha sonra ön qanadına zərbə dəydiyindən şübhələndiyini bildirib və bolidin sürətlənməsində problem yaşadığını deyib.

Lekler 1:18.877 nəticə ilə Norrisi geridə qoyaraq yenidən liderliyə yüksəlib. Onun ardınca dövrəsini tamamlayan Həmilton isə komanda yoldaşından cəmi 0.037 saniyə geri qalaraq ikinci pilləyə yerləşib.

Bir neçə dövrə sonra Həmilton 1:18.729 nəticə göstərərək Lekleri geridə qoyub və yenidən liderliyi ələ keçirib.

Sessiyanın bitməsinə təxminən 10 dəqiqə qalmış Ferstappen boliddən şikayətlərini daha da artırıb. O, avtomobildə problem olduğunu, səbəbini tam müəyyən edə bilmədiyini və yol tutuşunun çox zəif olduğunu bildirib.

Son dəqiqələrdə üçüncü yerdə olan Norris sürətli dövrə cəhdində nəticəsini yaxşılaşdıra bilməyib.

Beləliklə, Ferrari pilotu Lyuis Həmilton ikinci sərbəst yürüş sessiyasını ən sürətli nəticə ilə başa vurub. Şarl Lekler ikinci, Lando Norris isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et