30 dəqiqəlik sıralanma sessiyası başlayan kimi pilotlar boksda gözləməyərək dərhal trasa çıxıblar. İki isinmə dövrəsindən sonra ilk sürətli cəhdlərə start verilib.
İlk meyarı Pedro Klero 1:34.263 nəticəsi ilə müəyyənləşdirsə də, onun liderliyi cəmi bir neçə saniyə davam edib. Birinci cəhdlərin yekununda Teofil Nael 1:33.533 nəticə ilə ilk sıraya yüksəlib. Tuukka Taponen ondan 0.1 saniyədən də az geri qalıb, Cin Nakamura isə üçüncü olub.
Trident komandasının pilotu Freddi Sleyter dördüncü döngənin çıxışında səhvə yol verərək yalnız yeddinci nəticəni göstərə bilib. Çempionatın lideri Uqo Uqoçukvu isə ilk sürətli dövrədən sonra doqquzuncu pillədə qərarlaşıb.
Pilotlar ikinci cəhd üçün sessiyanın bitməsinə 18 dəqiqə qalmış yenidən trasa çıxıblar. Bu dəfə Freddi Sleyter 1:33.451 nəticə ilə liderliyə yüksəlib. Nikola Lakorte ikinci, Brando Badoer isə üçüncü olub. İlk cəhdin lideri Nael nəticəsini yaxşılaşdıra bilməyərək dördüncü yerə enib. Uqoçukvu da vaxtını yaxşılaşdırsa da, bu ona yalnız 12-ci yer qazandırıb.
Son cəhdlərə sessiyanın son yeddi dəqiqəsində start verilib. Sleyter nəticəsini yaxşılaşdıra bilməyib, Tuukka Taponen isə 1:33.411-lik dövrə ilə sıralanma turunun qalibi olub. Mattia Kolnaqi üçüncü yerə yüksəlib. Uqo Uqoçukvu altıncı, Teofil Nael isə yeddinci yeri tutub.
Sprint yarışında ilk 12 pilot üçün əks start düzülüşü tətbiq olunacaq. Buna görə də şənbə günü keçiriləcək sprint yarışına Kanato Li poul mövqeyindən başlayacaq. Onun yanında isə ilk cərgədən Matsey Qladış start alacaq.




Şərh əlavə et