Müzakirələrin əsas mövzusu ötən mərhələdə Spa-Frankorşam trasında Şarl Lekler və Oskar Piastri arasında Les Combes döngəsində baş vermiş toqquşma olub. Həmin insident nəticəsində McLaren bolidinin döşəmə hissəsi zədələnsə də, stüardlar o vaxt bunu yarış insidenti hesab etmiş və heç bir cəza tətbiq etməmişdilər.
Lakin uzun müzakirələrdən sonra stüardlar belə qənaətə gəliblər ki, Leklerin hərəkəti əslində 5 saniyəlik vaxt cəzasına layiq idi. Buna baxmayaraq, qərar geriyə şamil olunmadığı üçün Belçika Qran Prisinin nəticələri dəyişdirilməyəcək və heç bir sanksiya tətbiq edilməyəcək.
Lyuis Həmilton görüşdə iştirak etməyib. O, Spa mərhələsində aldığı 5 saniyəlik cəzanın müzakirəsinə ehtiyac görmədiyini bildirib. Britaniyalı pilotun sözlərinə görə, həmin hadisə artıq geridə qalıb və bütün diqqət hazırkı yarış həftəsonuna yönəlib.
Görüşdə həmçinin 2027-ci il mövsümü üçün hazırlanmaqda olan bəzi reqlament dəyişiklikləri də müzakirə olunub. Bu düzəlişlərin son variantı daha sonra təsdiqlənəcək.
Bundan əlavə, pilotların aşağı təkər təzyiqi və enerji idarəetmə sisteminin xüsusiyyətlərinin təhlükəsizlik avtomobilindən sonrakı restartlarda vəziyyəti düzgün qiymətləndirməyi çətinləşdirdiyi barədə fikirlərini nəzərə alan FIA stüardları, gələcəkdə belə restartlar zamanı baş verən insidentlərə daha yumşaq yanaşacaqlarını bildiriblər.




Şərh əlavə et