Xəbəri Kokpitdə Oxuyun!

Ferrari cərimələnib

Ferrari komandası Belçika Qran Prisində Lyuis Həmiltonun pit-stopu zamanı baş verən insidentə görə cərimələnib. Həmin epizodda yeddiqat dünya çempionu hərəkətə başlayarkən mexaniklərdən birinə toxunub.

Hadisəni araşdıran stüardlar videoyazıları və komanda nümayəndələrinin, eləcə də Həmiltonun izahatlarını nəzərdən keçirərək müəyyən ediblər ki, hadisə bir neçə ardıcıl prosedur səhvinin nəticəsində baş verib. Nəticədə bolid hərəkətə başlayan anda mexanik sağ ön təkərin qarşısında olub. Həmilton ona toxunub, mexanik yerə yıxılıb, lakin xoşbəxtlikdən xəsarət almayıb.

Araşdırmaya əsasən, Həmilton pit-leynə daxil olarkən Şarl Lekler artıq bokslarda idi. Həmin vaxt britaniyalı pilot mühəndisinə ön qanadın hücum bucağının dəyişdirilməsini istədiyini bildirib. Lakin bu məlumat pit-stopa cavabdeh baş mexanikə çatdırılmayıb.

Həmilton boksa daxil olub və 5 saniyəlik cəzasını çəkib. Vaxt tamam olduqdan sonra komandanın əməkdaşlarından biri radio ilə əvvəlcə “İrəli!”, daha sonra isə “0,6 dərəcə” komandalarını verib. Birinci əmr pit-stopun başlanmasını, ikinci isə ön qanadın bucağının 0,6 dərəcə dəyişdirilməsini ifadə edib.

Təkərlər dəyişdirildikdən sonra qaldırıcını idarə edən mexanik bolidi yerə endirib və baş mexanik yaşıl işığı yandıraraq Həmiltona hərəkətə başlamağa icazə verib. Məhz həmin anda ön qanadı tənzimləyən aləti daşıyan digər mexanik sağ ön təkərin qarşısına çıxıb. O, başı aşağı olduğu və alətə baxdığı üçün yaşıl siqnalı görməyib.

Ferrari insidentin təhlükəli olduğunu etiraf edib və bildirib ki, buna ön qanadın tənzimlənməsi barədə göstərişin gec verilməsi, komanda daxilində koordinasiya çatışmazlığı və mexanikin yaşıl işığı görməməsi səbəb olub. Komanda gələcəkdə belə halların təkrarlanmaması üçün pit-stop prosedurlarına yenidən baxacağını da bəyan edib.

Stüardlar qərara alıblar ki, insidentdə Lyuis Həmiltonun heç bir günahı yoxdur. Qeyd olunub ki, pilot bolid hərəkətə başlayan kimi nəyinsə baş verdiyini anlayıb, dərhal dayanıb və mexanik təhlükəsiz yerə çəkilənə qədər gözləyib.

Araşdırma zamanı həmçinin vurğulanıb ki, bu insident 44 nömrəli bolidə heç bir idman üstünlüyü qazandırmayıb. Əksinə, pit-stopun uzanması səbəbindən Həmilton əlavə vaxt itirib. Buna görə də stüardlar idman cəzasını məqsədəuyğun hesab etməyiblər. Bununla belə, pit-stop prosedurundakı bu cür səhvlərin mexaniklərin təhlükəsizliyini riskə atdığını nəzərə alaraq komandaya ciddi maliyyə sanksiyası tətbiq ediblər.

Nəticədə Ferrari 30 min avro məbləğində cərimələnib. Bunun 10 min avrosu isə 12 ay müddətinə şərti cəza kimi təxirə salınıb.

Lyuis Həmilton heç bir əlavə cəza almayıb və Belçika Qran Prisinin yekun protokolunda qazandığı dördüncü yeriqoruyub saxlayıb.

Rauf Hacıyev

Şərh əlavə et