Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Payıza ümidliyik

McLaren komandasının rəhbəri Andrea Stella Belçika yarış həftəsonunun yekunlarına toxunub. Onun sözlərinə görə, müxtəlif amillər nəticənin daha yaxşı olmasına mane olub.

Sual: Bu gün sürücüləriniz 5-ci və 7-ci yerləri tutublar. Sizcə, bu nəticələr McLaren maşınının bu həftəsonundakı tempini tam əks etdirirmi? Andrea Stella: “Əslində, düşünürəm ki, bu trasda daha rəqabətədavamlı idik. Lando Norris sıralanma turunda 3-cü nəticəni göstərib, amma güc qurğusunun elementlərindən birinin dəyişdirilməsinə görə cəza almışıq. Fikrimcə, o, 3-cü yerdən start alsaydı, podiuma iddia edə bilərdi. Yarış ərzində onun həqiqətən inamlı temp göstərdiyini gördük.”

“Reallıqda isə o, yarışa 13-cü yerdən başlayıb və startda bir neçə mövqe qazanıb. Amma əvvəlcə virtual təhlükəsizlik avtomobili rejimi bizim üçün uğursuz anda elan edilib, sonra isə texniki problemə görə Lando pit-stopda vaxt itirib və bundan sonra 7-ci yerdən yuxarı qalxa bilməyib.”

“Amma maşınımız, şübhəsiz, podium uğrunda mübarizə aparmağa imkan verirdi və bu, ümidvericidir. Oskara gəlincə, ona təkərlərin həddindən artıq intensiv deqradasiyası mane olub və aşınmanın bir qədər az olması üçün onun səviyyəsini aşağı salmağın yollarını tapmalıyıq.”

Sual: Bəlkə bu, onun McLaren-inin döşəməsinin aldığı zədə ilə bağlıdır? Biz Oskarın radio ilə Şarl Leklerin Ferrari-si ilə təmasın nəticələrindən danışdığını eşitdik… Andrea Stella: “Şübhəsiz. Deflektor sındığına görə asfaltayatma qüvvəsinin bir hissəsi itirilib. Əgər siz təkərlərə yükü artıraraq tempi yüksəltməyə çalışırsınızsa, onların deqradasiyası tamamilə arta bilər. Düşünürəm ki, Oskarın halında biz bunu məsafənin hər iki bölümündə müşahidə etdik. Gördük ki, o, təkərlərin resursundan daha aktiv istifadə etməli olur və bölümün sonuna doğru bunun bədəlini ödəmək lazım gəlirdi.”

“Bununla belə, Silverstone ilə müqayisədə bir sıra müsbət dəyişikliklər gördük. Ümid edirik ki, Macarıstanda bir sıra texniki yenilikləri təqdim etdikdən sonra mövsümün ikinci hissəsi daha yaxşı alınacaq.”

Sual: Silverstone və Spa kimi çox yüksək sürətli avtodromlardakı mərhələlərdən sonra qarşıda Hungaroring-də yarış həftəsonu var, orada isə xaraktercə tam fərqli trasdır. Sizcə, sürücüləriniz Macarıstanda hansı nəticələri göstərə bilərlər? Andrea Stella: “Düşünürəm ki, Macarıstanda və Niderlandda Ferrari maşınlarının döngələrin öhdəsindən hamıdan yaxşı gəldiyini görəcəyik. McLaren-ə gəlincə, bilirik ki, döngələrdən keçərkən asfaltla ilişmə səviyyəsini artırmaq üçün çalışmalıyıq.”

“Macarıstanda təqdim etməyi planlaşdırdığımız bəzi yeniliklər məhz buna yönəlib, amma bu işi gələcəkdə də davam etdirmək lazımdır. Qarşımızda duran vəzifələr tam aydındır və mövsümün növbəti mərhələlərində onların hamısı həll olunmasa da, yenə də ümid edirəm ki, payızda qələbələrə iddia edə biləcəyik.”

Gilanur Huseynova

Şərh əlavə et