V8 mühərriklərinin yenidən gündəmə gəlməsi hazırkı nəsil güc qurğularına yönələn tənqidlər fonunda baş verir. Pilotlar xüsusilə elektrik hissəsinin həddindən artıq böyük rol oynamasından və enerji idarəetməsinin mürəkkəbliyindən narazıdırlar.
Məhəmməd bin Sulayem: “Biz də komandalar kimi bəzən səhvlər edirik və yanlış qərarlar veririk. Əsas məsələ odur ki, FIA bunu etiraf etməyə və düzəltməyə hər zaman hazırdır.
Mövsümün əvvəlini xatırlasaq, o vaxt mübarizə indiki qədər sıx deyildi. İndi isə rəqabət xeyli artıb, komandalar arasındakı fərqlər azalıb. FIA da bu prosesdə öz töhfəsini verib. Biz daxil olan bütün məlumatları diqqətlə təhlil edir və komandaların müraciətlərini nəzərdən keçiririk.
Nəticə etibarilə qərar güc qurğusu istehsalçılarından asılıdır və bunun üçün altı istehsalçıdan ən azı dördünün dəstəyi tələb olunur. Eyni zamanda komandalar da çempionatın rəqabətədavamlı və ədalətli qalmasına nəzarət etməlidirlər.
V8 mühərriklərinin mümkün qayıdışına gəlincə, əvvəlcə məqsədimizin nə olduğunu və bunu niyə etmək istədiyimizi müəyyənləşdirməliyik. Mənim fikrimcə, bütün əsas tələblərə cavab verən yeni mühərrik konsepsiyasına ehtiyac var.
Əsas amillərdən biri səsdir, çünki azarkeşlər üçün bu çox vacibdir. Bundan əlavə, mühərrik daha sadə və daha ucuz olmalıdır. Eyni zamanda sintetik yanacaqdan istifadə etməklə tam ekoloji təmizliyi qorumaq mümkündür. Hazırda komandalarla birlikdə müxtəlif variantları hesablayırıq.
Biz komandalar, güc qurğusu istehsalçıları və pilotlarla məsləhətləşirik. Bu, çox vacibdir. Qərar təkcə məndən və ya komandalardan asılı deyil, çünki bu maşınları idarə edən məhz pilotlardır”.




Şərh əlavə et