Son dünya çempionu Lando Norris hesab edir ki, yenilənmiş MCL40 bu həftəsonu rəqabətədavamlı olacaq, lakin bütün problemlərin dərhal həllini gözləmir.
Lando Norris: “Hələ yenilikləri sınaqdan keçirməmişəm, ona görə də nə gözləyəcəyimi bilmirəm. Ümid edirəm ki, onlar bolidin asfaltayatma qüvvəsini, sürətini artıracaq və tempimizi yüksəldəcək. Bununla da hazırda üzləşdiyimiz problemlərin heç olmasa bir hissəsini aradan qaldıracağıq.
Əminəm ki, sürətli ola bilərik. Bu il artıq kifayət qədər güclü yarışlar keçirmişik. Spa və Mayamidə rəqabətədavamlı idik və yarış tempinə görə liderlərlə mübarizə apara bilirdik.
Ancaq sıralanma turunda hələ də sürətimiz çatışmır. Elə deyil ki, birdən-birə 0.4-0.5 saniyə qazana bilək. Bütün sahələrdə inkişaf etməliyik və ümid edirəm ki, yeniliklər bizə irəli addım atmağa kömək edəcək”.
Macarıstanda qələbə uğrunda mübarizə aparıb-aparmayacaqları ilə bağlı suala Norris belə cavab verib: “Ümid edirəm. Əgər yeniliklər problemlərimizin heç olmasa bir hissəsini həll etsə, rəqabətədavamlı ola bilərik.
Tras qısadır, lakin düşünürəm ki, Ferrari çox sürətli olacaq. Məncə, əsas favorit onlar olacaq, baxmayaraq ki, Mercedes pilotları da sürətli görünəcəklər.
Keçən il bu trasda poul mövqeyini McLaren deyil, Şarl Lekler qazanmışdı. Ona görə də əvvəlcə yeniliklərin gözlədiyimiz kimi işlədiyinə əmin olmalıyıq, yalnız bundan sonra şanslarımızı qiymətləndirə bilərik”.
McLaren-in mövsümün gedişatını dəyişmək şanslarının qalıb-qalmadığı barədə danışan Norris nikbin mövqedə olduğunu bildirib: “Düşünürəm ki, bəli. Ancaq bu, təkcə bizim istəməyimizlə baş vermir. Hər şey birdən-birə mükəmməl olmur. Bunun üçün vaxt lazımdır və hazırda vəziyyəti bir anda dəyişəcək hansısa sehrli həll yolu yoxdur. Buna baxmayaraq, mən hələ də hesab edirəm ki, bu il yarışlar qazanmaq gücündəyik”.




Şərh əlavə et