Xəbəri Kokpitdə Oxuyun!

Yay tətilindən əvvəl – Hunqarorinqdə kim güclü olacaq?

Macarıstan Qran Prisi adətən mövsümün ən maraqlı yarışlarından biri olur. Hunqarorinq yüksək asfaltaytma qüvvəsi, uzun döngələr silsiləsi və ötmənin çətinliyi ilə seçildiyi üçün burada mühərrik gücündən çox şassi, aerodinamika və təkərlərlə işləmək bacarığı ön plana çıxır. Buna görə də Belçikadakı nəticələri olduğu kimi Macarıstana köçürmək düzgün olmaz. 

 

Ferrari favoritdirmi?

Məncə, bəli – amma açıq fərqlə yox.

Spada Ferrari xüsusilə ikinci sektorda çox güclü görünürdü. Oradakı yüksək asfaltayatma qüvvəsi tələb edən döngələr SF-26-nın balansının xeyli yaxşılaşdığını göstərdi. Hunqarorinq isə ümumilikdə belə xüsusiyyətləri daha çox tələb edir. Üstəlik, paddokda Andrea Stella da Ferrari-ni əsas favoritlərdən biri adlandırıb.

Ferrari-nin üstünlükləri:

  • aşağı sürətli döngələrdə stabil davranış;
  • təkərləri uzun stintlərdə qoruma bacarığı;
  • Leklerin sıralanma tempinin yüksək olması;
  • Hamiltonun Hunqarorinq təcrübəsi.

Əgər Ferrari cümə günü də tempini təsdiqləsə, poul uğrunda əsas namizədlərdən biri olacaq.

McLaren zirvəyə qayıda bilərmi?

Bəli, amma bunun üçün yeniliklərin işləməsi şərtdir. McLaren mövsümün əvvəlində gözlənilən səviyyədə deyildi. Komanda həm yeni Mercedes mühərriyindən, həm də son aerodinamik yeniliklərdən böyük ümid gözləyirdi. Zek Braun da yaxın yarışlarda bunun nəticə verəcəyini demişdi.

Hunqarorinq isə McLaren-in tarixən sevdiyi traslardan biridir.

Son iki ildə:

  • 2024 – 1-2 nəticəsi;
  • 2025 – yenidən 1-2 nəticəsi.

Bu da göstərir ki, tras onların şassi fəlsəfəsinə uyğundur. Əgər yeniliklər gözlənilən effekti versə, Norris və Piastri podium uğrunda ciddi mübarizə apara bilərlər.

Yenilənmiş AMR26 nə edə bilər?

Bu, həftəsonunun ən böyük sualıdır.

Aston Martin Budapeştə demək olar ki, B-spesifikasiyalı yeni AMR26 gətirir:

  • yeni şassi;
  • tamamilə yenilənmiş aerodinamika;
  • çəki azaldılması;
  • yeni ön hissə.

Komandanın özü də məqsədin sadəcə xal deyil, “yenidən oyuna qayıtmaq” olduğunu bildirib. Mayk Krak nəticənin dərhal gələcəyinə zəmanət verməsə də, əsas məqsədin rəqabətə qayıtmaq olduğunu vurğulayıb.

Mənim fikrimcə Q3 hələ də çətin görünür, amma Q2 artıq real hədəfdir. Düzdür, komanda hələ də köhnə Honda mühərriyi ilə yarışacaq. Ancaq unutmayaq ki, Hunqarorinq mühərriyə qarşı elə də tələbkar deyil. Buna görə də komanda yarışda 13-cü yer uğrunda mübarizə aparsa, gələcəyə ümidlə baxmaq olar.

Alonso yenə möcüzə yarada bilərmi?

Fernando Alonso haqqında danışanda “mümkün deyil” ifadəsini işlətmək həmişə risklidir.

2014, 2015 və 2017-ci illərdə Ferrari və McLaren rəqabətədavamlı olmasa da, Alonso maşının potensialından artıq nəticələr çıxarırdı, strategiyanı maksimum istifadə edirdi və təkərləri inanılmaz dərəcədə qoruyurdu.

Hunqarorinq isə məhz onun sürücülük üslubuna uyğun trasdır. Əgər yeni AMR26 həqiqətən yarım saniyəlik irəliləyiş əldə edibsə, Alonso yenə xal zonasına düşə bilər.

Ancaq bu dəfə əsas fərq var: 2026-cı il Aston Martin bolidi əvvəlki zəif Ferrari və McLaren-lərdən də zəif təsir bağışlayır. Belçikada Alonso liderdən iki dövrə geri qalmışdı. Buna görə də bu dəfə nəticə daha çox yeniliklərin işləyib-işləməyəcəyindən asılı olacaq.

Həmilton yenidən Hunqarorinqdə qalib gələ bilərmi?

Həmilton statistikaya meydan oxuya cağı tras varsa, o məhz Hunqarorinqdir.

Lyuis burada 8 dəfə qalib gəlib, ən çox poul qazanıb, ən uğurlu sürücüdür.

Ferrari sürətli olsa, yarış tempi, strategiya, təkər idarəetməsi Həmiltonun ən güclü silahları olacaq.

Qələbə tamamilə real görünür.

Rassell fərqi azalda biləcəkmi?

Belçikadan sonra buna inanmaq üçün səbəb var. Mercedes nəhayət enerji sistemi problemini həll etdiyini bildirib və Russell də bunu təsdiqləyib. Əgər problem həqiqətən aradan qalxıbsa, o, yenidən ön sıralara qayıda bilər.

Hunqarorinq sıralanma turunun çox vacib olduğu trasdır.

Russell burada daha əvvəl poul qazanıb və yarışa ön cərgədən başlasa, qələbə uğrunda mübarizə apara bilər. Lakin çempionat baxımından artıq risk etməyə məcburdur.

Rauf Hacıyev

Şərh əlavə et