Son iki mövsümdə Red Bull-dan ayrılan tanınmış simaların sayı xeyli artıb. Bu proses əfsanəvi konstruktor Ədrian Nyuinin Aston Martin-ə keçidi ilə başlayıb. Daha sonra idman direktoru Conatan Uitli Audi-də komanda rəhbəri vəzifəsini tutub, strategiya rəhbəri Vill Kortni isə McLaren-ə idman direktoru kimi qoşulub. Son məlumata görə, baş mühəndis Pol Monaqan da yeni yaradılan Cadillac komandasına keçməyə hazırlaşır.
Bu dəyişikliklər Ferstappenin şəxsi heyətinə də təsir edib. Təxminən on il onun idarəetmə mühəndisi və start üzrə mütəxəssisi kimi çalışan Maykl Menninq Williams-a transfer olunub, baş mexanik Mett Koller isə ötən mövsümün sonunda Audi-yə qoşulub. Uzun illər Ferstappenin yarış mühəndisi olmuş Canpyero Lambiasenin də McLaren-ə keçəcəyi artıq təsdiqlənib.
Mətbuat konfransında bu ayrılıqlar fonunda Red Bull-un yenidən çempionluq uğrunda mübarizə aparacaq bolid hazırlaya bilib-bilməyəcəyi ilə bağlı suala Ferstappen belə cavab verib: “Biz yalnız gələcəyimizə fokuslanmışıq və boliddəki mövcud problemləri həll etməyə çalışırıq. Bu, komanda daxilində açıq şəkildə müzakirə etdiyimiz məsələdir.
Bəzən yarışdan sonra məyus olur və ya əsəbiləşirsən. Məsələn, Silverstoundan sonra evə gedirəm, fikirlərimi toparlayıram. Çərşənbə günü yenidən bazaya qayıdıram və növbəti yarış həftəsonuna hazırlaşmağa başlayıram. İllərdir komandayla belə işləyirik. Əlbəttə, bəzi mövsümlərdə digərlərinə nisbətən daha rəqabətədavamlı olursan. Amma mənim yanaşmamda və komandanın iş prinsipində heç nə dəyişməyib”.
Böyük Britaniya Qran Prisində finişə dörd dövrə qalmış üçüncü yerdə gedərkən RB22 bolidinin hərəkətli arxa qanadındakı problem səbəbindən yerində fırlanaraq mübarizəni dayandıran Ferstappen həmin an əsəbiləşdiyini etiraf etsə də, ümumi mənzərəyə sakit yanaşdığını bildirib.
Komandadan ayrılan şəxslərlə bağlı isə niderlandlı sürücü bunları deyib: “İnsanlar gəlir və gedirlər. Düşünürəm ki, bu cür ayrılıqlar da prosesin bir hissəsidir. Bəzən bəzi insanların qalmasını istəyirsən. Amma həyat da, idman da belədir – hər zaman istədiyin kimi olmur. Sadəcə yoluna davam etməli və yeni problemlərə yeni həll yolları tapmalısan. Həmişə baxmalı olduğun istiqamət gələcəkdir və biz də məhz bunu edirik”.




Şərh əlavə et