Maks Ferstappenin arxa qanadındakı ilkin vəziyyətinə qayıtmayan “makarena” elementi səbəbindən iki dəfə trasdan çıxmasından sonra FIA-nın Ferrari və Red Bull-da bu konstruksiyanı öyrəndiyini və onu artıq mövsümün gedişində qadağan edə biləcəyi barədə yazmışdıq.
Deyvid Kultard hesab edir ki, qadağalar siyasəti Formula 1-in unikallığını itirməsinə gətirib çıxara bilər, çünki açıq təkərli seriyalarda mühəndis yaradıcılığı üçün bu qədər azadlıq başqa heç yerdə yoxdur.
Deyvid Kultard: “Yeni ideyalar doğuran və mübahisələrə səbəb olan innovasiyalar Formula 1-in unikallığının bir hissəsidir, çünki digər seriyalarda belə eksperimentlər üçün demək olar ki, yer yoxdur. Adrian Nyui həmişə deyirdi ki, reqlamenti orada nə yazıldığını anlamaq üçün yox, orada nəyin yazılmadığını görmək üçün oxuyur. O da məhz həmin sahələrdə layihələndirməyə çalışır. Ümid edirəm, biz bu keyfiyyəti itirmərik. Hərçənd, təhlükəsizlik məsələsinin hər zaman əsas əhəmiyyət daşıyacağı aydındır.
Hesab edirəm ki, əgər hansısa orijinal həll bir neçə komanda tərəfindən işlənilirsə və xüsusən aerodinamika kimi vacib sahədə kifayət qədər mürəkkəb görünürsə, FIA-nın təhlükəsizlik baxımından reqlamenti sadələşdirmək, yalnız qanad elementini açmağın mümkün olduğunu, onu bütövlükdə çevirməyin isə mümkün olmadığını dəqiqləşdirmək və qalanını komandalara buraxmaq imkanı var. Amma normadan fərqlənən hər şeyi qadağan etməyə davam etmək əsl faciə olardı”.




Şərh əlavə et