Mövsümün ilk böyük yenilənmə paketi ilə uğursuz gedişata son qoymağı hədəfləyən Aston Martin-in yenilənmiş AMR26 bolidi qısa gecikmədən sonra nəhayət Hunqarorinqdəki qaraja gətirilib.
Komandanın 2026-cı il mövsümünə çətin başlanğıcı ilin ən çox müzakirə olunan mövzularından biri olmuşdu. Avstraliya Qran Prisinə ciddi mühərrik vibrasiyası problemləri ilə gələn komanda ilk yarışların bir neçəsini Fernando Alonso və Ləns Stroll ilə başa vura bilməmişdi. Vibrasiya problemi əsasən aradan qaldırılsa da, əfsanəvi konstruktor və komanda rəhbəri Ədrian Nyuinin rəhbərlik etdiyi Britaniya təmsilçisi güc qurğusu və aerodinamika sahəsindəki çatışmazlıqlara görə hələ də arxa sıralarda mübarizə aparır.
Kiçik və mərhələli yeniliklər əvəzinə, bir böyük yenilənmə paketi təqdim etməyi seçən Aston Martin üçün Budapeşt həftəsonu xüsusi əhəmiyyət daşıyır. Hunqarorinqə gətirilən yenilənmiş AMR26-da əsas diqqət aerodinamik təkmilləşdirmələrə və bolidin çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasına yönəldilib.
Komanda növbəti böyük addımı – Honda güc qurğusuna ediləcək yenilənmələri isə yay fasiləsindən sonra keçiriləcək Niderland Qran-prisinə çatdırmağı planlaşdırır.
Gecikməyə baxmayaraq bolidin qaraja çatdırılmasından sonra danışan Ədrian Nyui, yenilənmiş AMR26-nın düzgün istiqamətdə “böyük addım” olacağına ümid etdiyini bildirib. Bununla belə, komanda Macarıstan yarışından sonra da müntəzəm xal qazanmaq üçün görüləsi çox işin qaldığını anlayır.
Diqqətlərin Aston Martin üzərində cəmlənməsinin digər səbəbi isə Fernando Alonsonun gələcəyidir. Bir həftə sonra 45 yaşı tamam olacaq ispaniyalı sürücünün Formula 1 karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərarını yay fasiləsində verməsi gözlənilir.
Lakin ikiqat dünya çempionu bildirib ki, onun gələcəyi Aston Martin-in nəticələrindən asılı olmayacaq. 2026-cı il texniki reqlamentini ən sərt tənqid edənlərdən biri olan Alonso üçün əsas meyar çempionatın ümumi vəziyyəti və tətbiq olunan qaydalar olacaq.




Şərh əlavə et