Xəbəri Kokpitdə Oxuyun!

McLaren Macarıstana yeniliklərə gəlir

McLaren Macarıstan Qran Prisinə geniş texniki yeniliklər paketi ilə yollanacaq. Yeniliklərin əsas hissəsini MCL40 bolidi üçün hazırlanmış yeni altlıq təşkil edir. Bundan başqa, komanda sərbəst yürüşlər zamanı bir neçə yeni aerodinamik həlli də sınaqdan keçirəcək.

Həmçinin ilk sərbəst yürüş sessiyasında McLaren eksperimental arxa qanadın təkmilləşdirilmiş versiyasını yoxlayacaq. Lakin nəticələrdən asılı olmayaraq, komanda bu həlli nə Macarıstan yarışında, nə də Zandfort mərhələsində istifadə etməyi planlaşdırır.

Macarıstan Qran Prisinin ilk sərbəst yürüşündə Oskar Piastrini Leonardo Fornaroli əvəz edəcək. İtaliyalı pilot üçün bu, McLaren ilə ikinci rəsmi məşq sessiyası olacaq.

Komandanın yarış direktoru Rendi Sinqh bildirib: “Macarıstanda bizi tamamilə fərqli bir sınaq gözləyir. Bu, həm də yay fasiləsindən əvvəlki son mərhələ olacaq. Hunqarorinq trası yüksək asfaltayatma qüvvəsinə malik sazlanma tələb edir. Bundan əlavə, burada əyləclənmə və döngələrdən çıxış zamanı sürətlənmə çox böyük əhəmiyyət daşıyır.

Yüksək temperatur, bir-birini ardıcıl izləyən döngələr və düzlüklərin az olması təkərlərlə düzgün işləməyi həftəsonunun əsas amillərindən birinə çevirir.

Mövsüm boyu olduğu kimi, bu dəfə də əsas diqqətimizi dövrə ərzində güc qurğusunun enerjisindən maksimum səmərəli istifadəyə və ötmə imkanlarındakı dəyişikliklərin strategiyaya təsirini anlamağa yönəldəcəyik.

Bu həftəsonu həm də yenilənmə paketimizi təqdim edəcəyik. Hazırkı sıx rəqabət şəraitində hər bir təkmilləşdirmə böyük əhəmiyyət daşıyır. Buna görə də sərbəst yürüşlərdə yeniliklər barədə mümkün qədər çox məlumat toplamaq bizim üçün vacibdir.

Məqsədimiz bütün imkanlardan maksimum istifadə etmək, yay fasiləsinə qədər müsbət dinamikanı qorumaq və mövsümün ikinci yarısı üçün möhkəm təməl yaratmaqdır”.

Leonardo Fornaroli isə ilk sərbəst yürüş öncəsi bunları deyib: “Bu həftəsonu Hunqarorinqdə ilk sərbəst yürüşdə MCL40-ın sükanı arxasına keçəcəyim üçün səbirsizlənirəm. Bu, Barselonada komanda ilə qazandığımız dəyərli təcrübəni daha da inkişaf etdirmək üçün növbəti əla fürsətdir.

Hər sessiya yeni biliklər əldə etmək, özünəinamı artırmaq və həftəsonu ərzində komandanın işinə töhfə vermək imkanı yaradır.

Son həftələrdəVokinqdə çox intensiv çalışmışam. Həm simulyatorda, həm də McLaren Performance Hub mərkəzində bu sessiyaya maksimum hazır olmaq üçün ciddi hazırlıq keçmişəm.

Komandadakı hər kəsə göstərdikləri dəstəyə görə minnətdaram. Cümə gününü səbirsizliklə gözləyirəm. Trasda hər dövrədən maksimum faydalanaraq komandaya kömək etmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et