Xəbəri Kokpitdə Oxuyun!

Pirelli-nin Macarıstan dəyərləndirməsi

Qarşıdan gələn Macarıstan Qran Prisi mövsümün ilk yarısının son mərhələsi olacaq. Bu yarışdan sonra komandalar ənənəvi yay fasiləsinə yollanacaqlar.

Son iki il ərzində Hunqarorinqdə genişmiqyaslı yenidənqurma işləri aparılıb. Layihə paddok, qonaq zonaları, tribunalar və trasın özünü əhatə edib. 2026-cı il Macarıstan Qran Prisi ərəfəsində birinci və 12-ci döngələrdə asfalt yenilənib. Bu işlər ötən il pit-leyn və start düzülüşündə asfaltın dəyişdirilməsinin davamı olub.

Hunqarorinqin uzunluğu 4381 metrdir və tras 14 döngədən ibarətdir. Qısa və çoxdöngəli quruluşuna görə bu trası tez-tez kartinq trasına bənzədirlər. Burada yalnız bir tamhüquqlu düzlük – start-finiş düzlüyü var və ötmə üçün əsas imkan da məhz burada yaranır. Dövrənin qalan hissəsində pilotları, o cümlədən 180 dərəcəyə yaxın bir neçə döngə gözləyir. Buna görə də bolidlərin sazlanması çox vaxt Monakodakına bənzəyir.

Monakoda olduğu kimi, Pirelli də Budapeştə ən yumşaq üç təkər tərkibini – C3, C4 və C5 – gətirəcək. Bu tərkiblər yavaş tras üçün ideal hesab olunur. Burada əsas rol bolidin döngələrdən sürətli çıxışı və tez-tez istiqamət dəyişiklikləri zamanı əyləcləmə sabitliyi oynayır.

Yenilənməyən asfalt hissələrinin köhnə olması səbəbindən trasın örtüyü kifayət qədər kobuddur və mövsümün ən aşağı ilişmə səviyyələrindən birinə malikdir. Bununla belə, həftəsonu ərzində tras kauçuk qatı ilə örtüldükcə ilişmə səviyyəsi xeyli artır.

Hunqarorinqdə asfaltın temperaturu adətən mövsümün ən yüksək göstəricilərindən biri olur. Bu səbəbdən, xüsusilə çoxsaylı sürətlənmələrə görə arxa təkərlərdə termal deqradasiya əsas amillərdən birinə çevrilir. Daha yumşaq tərkiblərdə isə dənlənmə (graining) problemi də yarana bilər.

Mütəxəssislərin proqnozuna görə, təkərlərin aşınması səbəbindən bir və iki pit-stoplu strategiyalar finiş vaxtına görə bir-birinə çox yaxın olacaq. Hansı taktikanın seçilməsi isə əsasən pilotun trasdakı mövqeyindən asılı olacaq. Çünki Hunqarorinqdə ötmə etmək kifayət qədər çətindir. Havanın çox isti keçəcəyi halda komandaların daha sərt iki təkər tərkibinə üstünlük verməsi gözlənilir.

Macarıstan Qran Prisindən sonra Pirelli Budapeştdə qalacaq və çərşənbə axşamı, eləcə də çərşənbə günləri Aston Martin, Audi və Alpine komandaları ilə birlikdə 2027-ci il mövsümü üçün hazırlanmış prototip təkərlərin testlərini keçirəcək.

Rauf Hacıyev

Şərh əlavə et