2026-cı il mövsümündə gözləntiləri doğrultmayan Aston Martin vəziyyəti dəyişmək üçün Macarıstanda əhəmiyyətli yenilənmə paketi ilə çıxış etməyə hazırlaşır. Bununla belə, yeni hissələrin istehsalı son ana qədər davam etdiyi üçün komanda ehtiyat detallar baxımından risklə üz-üzədir.
Silverstoun təmsilçisi son yarışlarda hətta arxa sıralarda mübarizə aparan Cadillac-dan da geri qalıb, sıralanma turunda isə Mercedes-dən təxminən 5 saniyə zəif nəticə göstərib.
Komandanın ümidləri uzun müddətdir üzərində işlədiyi və Macarıstana gətiriləcək yenilənmə paketinə bağlanıb. Lakin təqdimata sayılı günlər qalmış bazada hissələrin hazırlanması üçün intensiv iş aparılır.
Mövzu ilə bağlı danışan Mayk Krak deyib: “Bu, milyon dollarlıq sualdır. Hər kəs hissələri vaxtında çatdırmaq və bolidləri hazır vəziyyətə gətirmək üçün bütün gücü ilə çalışır. Belə böyük yenilənməni bir anda trasa gətirmək çox ciddi əməliyyatdır. Çünki inkişaf prosesini mümkün qədər son ana qədər davam etdirməyə çalışırsınız. Hazırda Aston Martin Aramco Texnologiya Düşərgəsində çox gərgin iş gedir. Mən nikbin insanam və həftəsonuna qədər hər iki bolidi hazır vəziyyətə gətirəcəyimizə inanıram. Amma açıq danışsaq, hər detal üçün beş ehtiyat nüsxəmizin olacağını düşünmürəm”.
Dar konfiqurasiyası və səhvləri bağışlamayan baryerləri ilə tanınan Hunqarorinq tez-tez insidentlərin yaşandığı traslardan biridir. Buna görə də kifayət qədər ehtiyat hissəsinin olmaması Aston Martin üçün ciddi risk hesab olunur.
Krak komandanın müxtəlif ssenarilər hazırladığını da vurğulayıb: “Həmişə alternativ planlarınız olmalıdır. Bu detal vaxtında çatmasa nə edəcəyik, başqa hissə hazır olmasa necə yarışacağıq – bütün bunları əvvəlcədən planlaşdırmaq lazımdır”.
Özünüzü yalnız bir detalın gəlməsindən asılı vəziyyətə sala bilməzsiniz. Əks halda, həmin detal yetişməsə, çıxılmaz vəziyyətdə qalarsınız. Ona görə də alternativ planlarımız var. Hər zaman düşünürük ki, bu hissə gəlməsə, onu başqa detal ilə əvəz edə bilərikmi. Yenə də bütün hissələr üçün tam ehtiyat dəstimiz olmayacaq. Lakin komandadakı hər kəs riskləri minimuma endirmək və bir-iki detal vaxtında hazır olmasa, B planını işə salmaq üçün çox yaxşı çalışıb”.




Şərh əlavə et