Xəbəri Kokpitdə Oxuyun!

Belçika F2 – Kamara inamlı qələbə qazanıb

Formula 2-də Spa-Frankorşam trasında keçirilən həftəsonunun əsas yarışına Invicta Racing komandasının braziliyalı pilotu Rafael Kamara poul mövqeyindən start verib. Çempionatda üçüncü yerdə olan Kamaranın əsas rəqiblərindən biri, çempionatın lideri Nikola Tsolov isə yarışa ikinci cərgədən – dördüncü yerdən başlayıb.

Yarışın startı Kamara üçün uğursuz alınıb. O, yerindən zəif tərpənib və ART Grand Prix pilotu Tasanapol İntrafuvasak liderliyi ələ keçirib. Tsolov isə Aleks Dannı geridə qoyaraq üçüncü yerə yüksəlib. Bolqar pilot hətta Kamaranı da ötməyə yaxın olsa da, braziliyalı mövqeyini qorumağı bacarıb.

Lakin ilk dövrədə bir neçə insident yaşanıb. Qabriyele Mini ilə Roman Bilinski toqquşub, Dino Beqanoviç yerindən tərpənə bilməyib, Oliver Götenin bolidi isə start-finiş düzlüyündə dayanıb. Nəticədə təhlükəsizlik avtomobili trasa çıxıb.

Restartdan sonra Tsolov Kamaraya hücum edib, lakin braziliyalı rəqibini trasdan kənara sıxışdırıb. Pilotlar arasında təmas yaşanıb və Tsolov bu epizoddan sonra radio vasitəsilə komandaya narazılığını bildirib.

Bolqar pilot yol kənarına çıxaraq bir neçə mövqe itirib. Üstəlik, bolidinin ön qanadı zədələndiyi üçün tempi də aşağı düşüb. Beşinci dövrədə onu əvvəlcə Niko Varrone, daha sonra isə Con Bennett, Martinius StenshornLorens van Hupen keçiblər. Beləliklə, Tsolov cəmi bir dövrə ərzində ilk onluğun sonuna geriləyib.

Bu vaxt Kamara liderliyi ələ keçirib və ilk pit-stop edən pilotlardan biri olub. Onunla birlikdə Tsolov da boksa yollanıb. Yarışa isə müvəqqəti olaraq Kamaranın komanda yoldaşı Coşua Dyurksen başçılıq edib.

Səkkizinci dövrədə Lorens van Hupen səkkizinci döngədə ağır qəza keçirib. Pilot sürətlənmə zamanı bordür üzərində qaz pedalını həddindən artıq sərt basdığı üçün bolidinə nəzarəti itirib və baryerlərə çırpılıb. Van Hupen xəsarət almasa da, trasa yayılan qırıntılar və zədələnmiş təhlükəsizlik baryerləri səbəbindən yarış qırmızı bayraqlarla dayandırılıb.

Bütün bolidlər pit-leynə qayıdıblar. Marşallar trası təmizləyərkən bəzi komandalar təkərləri dəyişib, Tsolovun bolidində isə ön qanad hissəsi yenisi ilə əvəz olunub.

Doqquz dövrə arxada qaldıqdan sonra yarış uzun fasilədən sonra təhlükəsizlik avtomobilinin arxasında yenidən start götürüb. Vaxt məhdudiyyətinə görə yarış məsafəsinin qısaldılacağı əvvəlcədən məlum idi.

Restartdan bir dövrə sonra bir neçə pilot məcburi pit-stopunu yerinə yetirmək üçün boksa yollanıb. Çünki qırmızı bayraq zamanı pit-leynə giriş məcburi pit-stop hesab edilmirdi. Bu səbəbdən Kolton HertaSebastyan Montoya yeni təkərlər üçün boksa dönərək pelotonun sonuna düşüblər.

Bu mərhələdə Dyurksen lider idi, onu Varrone izləyirdi. Lakin Con BennettKuş Maini hər iki pilota ciddi təzyiq göstərirdi. Kamara da bir neçə rəqibini geridə qoyaraq dördüncü yerə yüksəlib.

Az sonra Emerson Fittipaldi yeddinci döngədə trasdan çıxıb və yenidən təhlükəsizlik avtomobili trasa çıxıb. Bundan istifadə edən pit-stop etməmiş pilotlar boksa üz tutublar. Son restart yarışın bitməsinə 12 dəqiqədən az qalmış verilib.

Restart zamanı Rafael Kamara lider idi. Onu Aleks Dann, Noel Leon, Tasanapol İntrafuvasak və Nikola Tsolov izləyirdi.

Tsolov radio ilə komandaya önündə gedən pilotların tras limitlərini pozduğunu bildirib. Stüardlar dərhal Noel Leon və Aleks Danna 5 saniyəlik cəza veriblər.

Bu qərar Tsolova podium şansı yaradıb. İlk beşliyi həmin anda bağlasa da, cəzalar onun xeyrinə işləyib. Maraqlıdır ki, həftəsonu ərzində çoxsaylı problemlərlə üzləşən Qabriyele Mini də 14-cü yerdən start almasına baxmayaraq altıncı yerə qədər yüksələ bilib.

Yarışın son dəqiqələrində yüngül yağış başlasa da, hadisələrin gedişinə ciddi təsir göstərməyib. Pilotlar daha çox finişə problemsiz çatmağa üstünlük veriblər.

Yarış vaxt limiti səbəbindən 25 deyil, 21 dövrədən sonra başa çatıb.

Rafael Kamara mövsümdə ikinci qələbəsini qazanıb. Bununla da Invicta Racing komandası Spa trasında ardıcıl dördüncü mövsümdə qələbə əldə edib.

Rəqiblərinin cəzaları sayəsində Tasanapol İntrafuvasak ikinci yerə yüksələrək Formula 2 tarixində podiuma çıxan ilk tailandlı pilot olub. Eyni səbəbdən Nikola Tsolov da iki pillə irəliləyərək yarışı podiumda başa vurub və çempionatdakı liderliyini daha da möhkəmləndirib.

Cəza alan Aleks Dann yekunda dördüncü olub. Qabriyele Mini isə beşinci yeri tutaraq mümkün itkilərini minimuma endirib. Buna baxmayaraq, Kamara çempionatda Mini ilə fərqi 9 xala qədər azaldıb.

Sıra Pilot Komanda Dövrə
1 R. Kamara Invicta Racing 21
2 T. İntrafuvasak ART Grand Prix 21
3 N. Tsolov Campos Racing 21
4 A. Dann Rodin Motorsport 21
5 Q. Mini MP Motorsport 21
6 R. Villaqomes Van Amersfoort Racing 21
7 N. Leon Campos Racing 21
8 K. Herta Hitech 21
9 R. Miata Hitech 21
10 M. Boya Prema Racing 21
11 M. Stenshorn Rodin Motorsport 21
12 S. Montoya Prema Racing 21
13 K. Şilds AIX Racing 21
14 N. Varrone Van Amersfoort Racing 21
15 D. Dürksen Invicta Racing 21
16 D. Bennett Trident 21
17 K. Mayni ART Grand Prix 20
DNF R. Bilinski DAMS Lucas Oil 16
DNF E. Fittipaldi AIX Racing 12
DNF L. van Hupen Trident 7
DNF D. Beqanoviç DAMS Lucas Oil 0
DNF O. Göte MP Motorsport 0

Rauf Hacıyev

Şərh əlavə et